ABŞ-da “Azərkosmos”un məhsullarına tələbat artıb – FOTO

  • By admin
  • 31 May 2021 15:53

2021-ci ilin yanvar-aprel aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 27 ölkəsinə 16,9 milyon ABŞ dolları dəyərində xidmət ixrac edilib və bu illik müqayisədə 1,8 faiz çoxdur.

Gununsesi.info-nun məlumatına görə, bu, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin may sayında öz əksini tapıb.

“Azərkosmos”un peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 91 faizini təşkil edib.

2021-ci ilin yanvar-aprel ayları ərzində “Azərkosmos” ASC-nin xidmət ixracı həyata keçirdiyi ölkələrin siyahısında ilk beşlikdə ABŞ (5,1 milyon ABŞ dolları və ya illik müqayisədə 13,3 faiz çox), Malayziya (3,6 milyon ABŞ dolları və ya illik müqayisədə 7,7 faiz az), Birləşmiş Krallıq (3,3 milyon ABŞ dolları və ya illik müqayisədə 13,1 faiz az), Fransa (2,8 milyon ABŞ dolları və ya illik müqayisədə 6,7 faiz az) və BƏƏ (579 min ABŞ dolları ilə və ya illik müqayisədə 48,1 faiz çox) qərarlaşıb.

Təkcə aprel ayında isə “Azərkosmos” ASC dünyanın 26 ölkəsinə 6,3 milyon ABŞ dolları dəyərində və ya ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz çox xidmət ixrac edib.