ABŞ-ın Nyu Cersi ştatında türk və müsəlman icmasının sıx məskunlaşdığı Paterson şəhərində bazar günü səhər namazını qılarkən məscid axundu bıçaqla hücuma məruz qalıb. Camaatın üstündən tullanaraq imamın kürəyinə bıçaqla xəsarət yetirən hücumçu qaçmaq üzrəykən vətəndaşlar tərəfindən tutularaq polisə təhvil verilib.
Gununsesi.info xəbər verir ki, Ömər məscidinin axundu Seyid Əl-Nəkib aprelin 9-u bazar günü səhər namazını qılarkən səcdədə olan zaman camaat arasında gizlənən hücumçu tərəfindən bıçaqlanıb.
Məscidin təhlükəsizlik kamerası görüntülərində üçüncü sırada olan Şerif Zorba (32) adlı təcavüzkarın səcdə halında camaatın üstündən tullanaraq 65 yaşlı axundu bıçaqla xəsarət yetirdiyi açıq şəkildə əksini tapıb. Daha sonra əlindəki bıçaqla ona mane olmaq istəyənləri hədələyən Zorba məscidin bayır qapısına qaçmaq üzrəykən camaat tərəfindən yaxalanıb və polisə təhvil verilib.
Mətbuat şərhində hadisənin təfərrüatlarına yer verən məscid rəhbərliyi Zorbanın hücumu niyə həyata keçirdiyini açıqlamasa da, mövzu ilə bağlı araşdırmaların davam etdiyi qeyd edilib.
Şəbnəm
Gununsesi.info