ABŞ-da kəskin şaxtalar: Çoxlu sayda ölənlər var

  • By admin
  • 18 Yanvar 2024 09:25

ABŞ-ın bəzi ştatlarında kəskin şaxtalar səbəbindən 6 gündə 21 nəfər həyatını itirib.

Gununsesi.info xəbər verir ki, yanvarın 12-dən bəri davam edən qar yağması və ölkənin müxtəlif bölgələrində 6 ştatı təsir edən soyuq hava səbəbindən Tennessi, Nyu-York, Arkanzas, Kanzas, Oreqon və Missisipi ştatlarında ölənlərin sayının 21-ə yüksəldiyi bildirilib.

Səhiyyə İdarəsi və yerli səlahiyyətlilər tərəfindən Tennessi ştatında cəmi 7 nəfərin öldüyü bildirilərkən, digər 5 ştatda isə 14 nəfərin öldüyü açıqlanıb. Meteoroloji xidmətlər, Kanada sərhədindəki Nyu-Yorkun Buffalo şəhəri ətrafına 75 santimetrdən çox qar yağdığını, nəqliyyat vasitələri ilə gediş-gəlişi demək olar ki, qeyri-mümkün etdiyini və qarla qarışan küləyin sürətinin bəzi yerlərdə saatda 65 kilometrə çatacağını bildirib.

Cümə gününə qədər ölkənin mərkəzi bölgələrində soyuq havanın yenidən təhlükəli həddə çatacağı və donma riskinin artacağı bildirilir.

Uçuş trafikini izləyən FlightAware saytının məlumatına görə, bu gün ABŞ-da 1090 reys ləğv edilib, 4 min 221 reys gecikib.

ABŞ-da elektrik kəsilməsi statistikasını özündə əks etdirən Poweroutages saytında bu gün ölkənin üç ştatında qış şəraiti ilə əlaqədar 95 minə yaxın insanın işıqsız qaldığı qeyd edilib.

Gununsesi.info