ABŞ-ın Oreqon ştatının Seylem şəhərində 3 ildir naməlum xeyriyyəçi müxtəlif yerlərdə yüz dollarlıq əskinazlar gizlədir. Gununsesi.info-nun xəbərinə görə, yüz dollarlığın üstündə Benjamin Franklinin şəkli olduğundan yerli əhali bu şəxsi Benni adlandırıb.
Sağ tərəfinə imzasını qoyduğu əskinazları xeyriyyəçi mağazalarda, yarmarkalarda, festivalların keçirildiyi yerlerde qoyur. Pullar sıyıq qutularında, dondurulmuş yeməklərdə, hətta siçan tələlərinin içində də olub. Seylem əhalisi ilk dəfə belə halla 2013-cü ildə rastlaşıb. İndiyə kimi filantrop 26 mağazada, 8 müxtəlif müəssisədə, həmçinin küçələrdə 50 min dollar paylayıb.
Maraqlıdır ki, Benninin qoyduğu pullar buna ehtiyacı olanların qarşısına çıxıb. Kimsə bu pulla kommunal xərclərini ödəyib, kimisə dərman alıb, bəziləri isə ev kirayəsini ödəyib.
Pulu tapanlardan bəziləri isə onu xərcləmir və suvenir kimi saxlayır. Hətta bu pulu xeyriyyəçilik üçün xərcləyənlər də var.