ABŞ-da artan immiqrant böhranı vətəndaş müharibəsi qorxusunu yenidən gündəmə gətirib.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, respublikaçıların nəzarətində olan ştatlar Bayden administrasiyasına qarşı üsyan ediblər. İfrat sağçı qruplar da “immiqrant ovu” üçün sərhədə konvoylar göndərməyə hazırlaşır.
Noyabrda keçiriləcək prezident seçkiləri öncəsi gərginliyin artdığı bir ölkədə miqrant böhranı Meksika sərhədindəki Texas ştatını və Co Bayden administrasiyasını qarşı-qarşıya qoyub.
ABŞ Ali Məhkəməsi immiqrantların keçməsinin qarşısını almaq üçün Texas ştatında Meksika sərhədinə qoyulmuş tikanlı məftillərin sökülə biləcəyinə qərar verib. Qərara baxmayaraq, Texas qubernatoru Greg Abbott bölgədə daha çox “tikan və ülgüc hasarları” çəkəcəyini söyləyib.
25 respublikaçı ştatın qubernatorları da Texasın “konstitusion özünümüdafiə haqqını” müdafiə edən bəyanat imzalayıblar. Oklahoma qubernatoru Kevin Stitt Milli Qvardiyanın hərəkətə keçməyə hazır olduğunu bildirib.
ABŞ-ın keçmiş prezidenti Donald Tramp da qeyri-qanuni mühacirlərin ABŞ-a daxil olmasının qarşısını almaq üçün Texasa mühafizəçilərini yerləşdirməli olduğunu bildirib.
Bu arada ifrat sağçı qrupların sərhədə konvoy göndərməyə hazırlaşdığı bildirilib. Keçmiş hərbçilərin təşkil etdiyi konvoyun ölkəyə qeyri-qanuni yollarla daxil olan mühacirlərin arxasınca gedəcəyi qeyd edilib.
Konvoyu təşkil edən təqaüdçü əsgər Pete Chambers, “Əgər bu işi bitirmək üçün səlahiyyətlilərimiz olmasa, vəziyyəti idarə edəcəyik” deyib.
Respublikaçılar uzun müddətdir Bayden administrasiyasının immiqrasiya siyasətindən narahat olduqlarını bildirsələr də, bəzi ştatlar daha əvvəl Meksika sərhədinə milli qoşunlar göndəriblər.
Son zamanlar Meksikadan qeyri-qanuni yollarla ABŞ-a daxil olmağa çalışan immiqrantların sayında böyük artım müşahidə olunur.
Gununsesi.info