ABŞ-da Rusiyanın qlobal şəbəkəsinə qarşı əməliyyat: Tanınmış iş adamı həbs edildi

Bir tacik-amerikalı işadamı və iki rusiyalı-kanadalı Nyu-Yorkda həbs edilib. Onlar ABŞ-da hazırlanmış texnologiyanı Rusiyaya göndərməkdə suçlanırlar.

Gununsesi.info xəbər verir ki, iddiaya görə, göndərilən elektron hissələr sonradan Ukraynada ələ keçirilən Rusiya hərbi avadanlığının içində tapılıb.

Bruklin sakini, 52 yaşlı Salimcon Nasriddinov və Monrealda yaşayan evli cütlük – 37 yaşlı Nikolay Qoltsevlə 32 yaşlı Kristina Puzıryovanın hər birinə qarşı qaçaqmalçılıq, sanksiyaları pozmağa plan qurma və pulköçürmə saxtakarlığı ittihamları irəli sürülüb.

Onların ABŞ sanksiyalarından yayınmaq üçün yaradılan qlobal şəbəkənin bir bölməsi olduğu iddia edilir. Şəbəkənin məqsədi kimi Rusiya ordusunun Ukraynada apardığı müharibədə istifadəsi üçün vacib texnologiyanın əldə edilməsi göstərilir.

Yuxarıda adı çəkilənlərin həbsi Amerika Daxili Təhlükəsizlik Departamentinin xüsusi əməkdaşı Yevgeni Qerşmanın tələbi ilə həyata keçirilib. Noyabrın 2-də “Azadlıq” radiosu bu sənədin surətinə baxıb. Bu sənəddə göstərilən Yevgeni Gerşmanın sözlərinə görə, Amerika şirkətlərindən avadanlıq və elektronika alınması əsasən 11 iyun 2021-ci ildə bu məqsədlə “SH Brothers Group” şirkətini Bruklindəki bir ünvanda qeydiyyatdan keçirən Salimcon Nəsriddinov tərəfindən həyata keçirilib.

Eyni məqsədlə 2023-cü il yanvarın 30-da Nəsriddinov həyat yoldaşının adına rəsmiləşdirdiyi “SN Electronics” şirkətini yaradıb.

Kanada və Rusiya vətəndaşlığı olan Kristina Puzıreva və əri Nikolay Qoltsev bu işdə Salimcon Nəsriddinovun biznes ortaqlarıdır. Hər iki şəxs də oktyabrın 31-də Nəsriddinovla görüşə gedərkən Nyu-York Manhettendəki otellərdən birində saxlanılıb.

İstintaq sübut edib ki, Nəsriddinov və Qoltsev Bruklində müxtəlif ünvanlarda yerləşən Amerika şirkətlərinə ikili təyinatlı (mülki və hərbi) avadanlıq sifariş ediblər. Malları qəbul etdikdən sonra onu yenidən qablaşdıraraq Honq-Konq, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərində yerləşən vasitəçi şirkətlər vasitəsilə Rusiyaya göndəriblər.

Bu sənəddə vurğulanır ki, sözügedən avadanlıqların alıcıları Rusiyanın “Testkomplekt”, “Radioavtomatika”, “EKV-Neva” və “Komtek” şirkətləri olub. Baxmayaraq ki, hazırda ittiham tərəfi Amerika sanksiyaları altında olan şirkətlərin özlərinin mövqeyi barədə məlumatlara malik deyil.

Üç təqsirləndirilən şəxs arasında əməkdaşlığa sübut kimi Gerşman onların arasında messencer vasitəsilə yazışmaları da göstərir.

Həmçinin bildirilir ki, Qoltsevin həyat yoldaşı Puzırevanın bank hesabında Nəsriddinovun yaşadığı mənzilin ünvanı var. Ümumilikdə, xüsusi təyinatlı Qerşman Nəsriddinov, Qoltsev və Puzıreva arasında mütəşəkkil əməkdaşlıqla bağlı 49 hadisəni misal gətirir və prokurorluqdan onların saxlanılmasını xahiş edir. Bu məsələ ilə bağlı təqsirləndirilən şəxslərin, onların yaxınlarının və vəkillərinin mövqeyini hələlik dəqiqləşdirmək mümkün olmayıb.

Salimcon Nəsriddinov Amerikadakı tacik diasporu arasında kifayət qədər məşhurdur. O, uğurlu sahibkardır və Bruklindəki “Tandoori” restoranının sahibi və ya həmtəsisçisi olduğu bildirilir.

Nəsriddinov uzun illər Rusiyada yaşayıb, işləyib, xüsusilə Tacikistanda Roqun elektrik stansiyasının tikintisi üçün avadanlıqların alınmasına və göndərilməsinə kömək edib. Eyni zamand,a elmi fəaliyyətlə də məşğul olur, iqtisad elmləri doktoru elmi dərəcəsinə malikdir. Rusiyada doktorluq dissertasiyası müdafiə edib.

2021-ci ilin avqustunda Salimcon Nasriddinov və Amerikadakı bir neçə həmyerlisi “Yeni Nəsil Taciklər” adlı bir təşkilat yaratdıqlarını elan ediblər. Bu təşkilatı yaratmaqda məqsəd Amerikadakı tacik miqrantlara dəstək olmaq və bu miqrantların övladlarına tacik dilini öyrətməkdir.

Salimcon Nasriddinov tacik dilinin fars dili kimi rəsmi tanınmasının tərəfdarıdır və 2018-ci ildə ölkə parlamentinə ünvanlanmış eyniadlı petisiyaya imza atıb. Bu siyahıda o, Rusiyadan olan mühəndis kimi göstərilib.

Gununsesi.info