
ABŞ Qarabağdakı hadisələr kontekstində regionda yerləşdirilə biləcək beynəlxalq müşahidə missiyası ilə bağlı təfərrüatlar üçün müttəfiqləri və tərəfdaşları ilə işləyəcəklərini bəyan edib.
Gununsesi.info xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller gündəlik mətbuat konfransında sualları cavablandırıb.
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) prezidenti Samanta Pauer və ABŞ dövlət katibinin Avropa və Avrasiya əlaqələri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kimin Azərbaycanda olduqlarını qeyd edən Miller ABŞ rəsmilərinin atəşkəsin davam etdirilməsi və humanitar ehtiyacların ödənilməsi ilə bağlı mesajlarını Azərbaycan rəsmilərinə çatdırdıqlarını bildirib.
Miller Azərbaycanın humanitar ehtiyacların ödənilməsi kontekstində Qarabağda beynəlxalq müşahidə missiyasının təyin edilməsinə müsbət baxması barədə bəyanatından məmnun olduqlarını söyləyib.
Miller davamlı sülhə nail olmaq üçün tərəflər üçün danışıqların və diplomatiyanın vacibliyinə diqqət çəkib.
Digər tərəfdən, Rusiyanın zaman-zaman danışıqlarda asanlaşdırıcı rol oynadığını bildirən Milller Moskvanın ötən həftə Qarabağda baş verən proseslər çərçivəsində “məhsuldar” rol oynadığını düşünmədiyini bildirib.
Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ rəsmiləri ilə görüşü ilə bağlı məlumatda qeyd olunub ki, İ.Əliyev BMT-nin rezident əlaqələndiricisinin yaxın vaxtlarda Azərbaycanın Qarabağ bölgəsinə səfərini təşkil etməyə hazır olduqlarını bildirib.
Əliyev Qarabağ bölgəsində yaşayan erməni sakinlərinin hüquqlarını diqqətə çatdırıb və Azərbaycanda yaşayan digər etnik azlıqlar kimi onların da hüquqlarının ölkə qanunları və beynəlxalq öhdəliklər çərçivəsində təmin ediləcəyini vurğulayıb.
Azərbaycan dövlət rəsmiləri ilə Ermənistan əhalisinin nümayəndələri arasında inteqrasiya məsələləri ilə bağlı danışıqlar aparıldığını deyən Əliyev regionda infrastrukturun yeniləndiyini, erməni sakinlərə yardım göndərildiyini, bunu davam etdirmək üçün Beynəlxalq Qızıl Xaç Komitəsi ilə əməkdaşlıq etdiklərini qeyd edib.
Səid Əhmədli
Gununsesi.info