ABŞ-dan Rusiyanın Ukraynanın işğal olunmuş ərazilərində keçirdiyi seçkilərə REAKSİYA

  • By admin
  • 15 Mart 2024 13:17

ABŞ Rusiyanın Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində qondarma prezident seçkiləri keçirməsini pisləyir.

Gununsesi.info xəbər verir ki, bunu Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə deyib.

O qeyd edib ki, “Birləşmiş Ştatlar Rusiyanın işğal olunmuş Ukrayna ərazilərində saxta seçkilər keçirməklə Ukraynanın suverenliyinə, ərazi bütövlüyünə və siyasi müstəqilliyinə zərbə vurmağa yönəlmiş daimi səylərini qınayır”.

“ABŞ Rusiyada keçirilən prezident seçkilərinin bir hissəsi kimi Ukraynanın suveren ərazisində keçirilən bu saxta seçkilərin legitimliyini və nəticələrini heç vaxt tanımayıb və tanımayacaq”, – Miller vurğulayıb.

ABŞ Dövlət Departamentinin nümayəndəsi Luqansk, Donetsk, Zaporojye, Xerson və Krımın Ukrayna olduğunu göstərib.

“Birləşmiş Ştatlar azad ölkələrin suverenliyinə, ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə xələl gətirən hərəkətlərə görə məsuliyyət daşıyanları, o cümlədən Ukraynanın işğal olunmuş ərazilərində Kremlin saxta seçkilərində müşahidəçi qismində iştirak edənləri məsuliyyətə cəlb etmək üçün bütün mövcud vasitələrdən istifadə etməyə davam edəcək”, – deyə Miller yekunlaşdırıb.

Bundan əvvəl Avropa İttifaqı bəyan etmişdi ki, Rusiyanın Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində qondarma prezident seçkiləri keçirməsini beynəlxalq hüququn pozulması hesab edir və onların nəticələrini heç vaxt tanımayacaq.

Xatırladaq ki, G7-yə üzv ölkələrin liderləri fevralın 24-də keçirilən sammitdən sonra Rusiyanın işğal etdiyi Ukrayna ərazilərində təşkil etdiyi qondarma seçkilərin nəticələrini heç vaxt tanımayacağına söz veriblər.

 

Gununsesi.info