ABŞ-dan Şimali Koreyaya sərt cavab

  • By admin
  • 09 Avqust 2017 10:36

USA and North Korea Flag painted on old wood plank texture

“Ölkə rəhbəri qərar qəbul edən kimi ABŞ-ın Sakit Okeanda, Quam adasında yerləşən hərbi bazasına raket zərbəsi endirməyə hazırıq”

Şimali Koreya Xalq-Demokratik Respubliksasının rəhbərliyinin dünən yaydığı bəyanatda belə deyilir.

Gununsesi.info xarici mətbuata istinadən bildirir ki, rəsmi Pxenyanın bəyanatına görə, Şimali Koreya ABŞ-ın Quam adasındakı hərbi bazasına “Hvason-12” raketi ilə zərbələr endirə bilər.

“Hvason-12” orta mənzilli ballistik raketi mayın 14-də sınanıb.

Quam adasında ABŞ Hərbi-Hava Qüvvələrinin Andersen və Hərbi-Dəniz Qüvvələrinin Apra bazaları var.

Pxenyanın belə radikal bəyanatı ABŞ prezidenti Donald Trampın açıqlamasına cavabdır.

Bundan başqa, rəsmi Pxenyan BMT-nin Təhlükəsizlik Şurasının ölkəyə qarşı yeni sanksiyalarına “fiziki cavab” verəcəyi ilə hədələyib.

Pxenyandakı diktatura rejimi sanksiyalarla bağlı qətnaməni “terror aktı” adlandırıb.

Avqustun 5-də BMT TŞ Şimali Koreyaya qarşı sanksiyaları sərtləşdirib. Bundan belə Şimali Koreyaya daş kömür, dəmir, qurğuşun və dəniz məhsulları satmaq yasaqlanıb. Şimali Koreyanın Xarici Ticarət Bankının bütün hesabları dondurulub.

Şimali Koreyanın XİN başçısı Li Yun Honun “ölkəmizə hücum olarsa, ABŞ-a nüvə silahından istifadə edərək sərt dərs verəcəyik” bəyanatına cavab olaraq ABŞ prezidenti Donald Tramp deyib: “Yaxşı olardı ki, Şimali Koreya bundan sonra ABŞ-ı hədələməsin. Əks halda o, dünyanın indiyədək görmədiyi atəş və hiddətlə qarşılaşacaq”, – Tramp Nyu-Cersidəki qolf-klubunda jurnalistlərin suallarını cavablayarkən belə deyib.

Şimali Koreyanın artıq 60 nüvə başlığı hazırlamağa başladığı vurğulanır.

The Washington Post-un məlumatına görə, ABŞ-ın Müdafiə Nazirliyinin fikrincə, Şimali Koreya artıq gələn il “etibarlı” qitələrarası ballistik raketlə silahlana bilər.

ABŞ-ın Quam adasındakı Andersen bazasından səmaya qalxan 2 B-1B bombardmançısı Şimali Koreya sərhədlərinə yaxınlaşıb.

Bundan başqa, Alyaskada THAAD raket əleyhinə sistem uğurla sınaqdan keçirilib.

Gununsesi.info