
ABŞ Maliyyə Nazirliyi Türkiyə və Livandakı bəzi qurum və şəxslərə Hizbullah və İran İnqilab Keşikçiləri Korpusuna yardım etdiklərini əsas gətirərək sanksiya tətbiq etmək qərarına gəlib.
Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyininin yaydığı açıqlamada bildirilib. “Bu təşkilatlar İran mallarının, o cümlədən Suriya hökumətinə satışından yüz milyonlarla dollar gəlir əldə ediblər. Bu əmtəə satışları DMO-QF və “Hizbullah”ın davam edən terror fəaliyyətləri və regiondakı digər terror təşkilatlarına dəstək üçün əhəmiyyətli maliyyə mənbəyi təmin edir”, – deyə qeyd edilib.
Maliyyə Nazirliyi qlobal bazarda İran mallarının alınması, daşınması və satışı ilə məşğul olan Türkiyədə fəaliyyət göstərən “Mira İhracat İthalat Petrol” və şirkətin baş meneceri və sahibi İbrahim Ağaoğlu adı ilə tanınan İbrahim Talal əl-Uveyrə qarşı sanksiya tətbiq etdiyini açıqlayıb.
Bundan əlavə, Livanda yerləşən iki təşkilata qarşı sanksiyalar tətbiq edilib. İran mallarının Suriyaya kütləvi satışını asanlaşdıran “Hizbullah”a bağlı “Yara Offshore SAL” və yüz milyonlarla dollar dəyərində İran mallarının Suriyaya daşınmasını asanlaşdırmaqla IRGC-QF-ni maliyyələşdirən “Hydro Drilling Equipment Rental” şirkətinə qarşı sanksiya qərarı verilib.
Sanksiyalar nəticəsində hədəfə alınan şəxslərin ABŞ-da və ya ABŞ şəxslərinin nəzarətində olan bütün əmlakları bloklanıb.
Qeyd edək ki, sanksiyalar ABŞ-ın İordaniyadakı hərbi bazalarına hücumlardan sonra tətbiq edilib.
ABŞ sanksiyaları ümumiyyətlə ABŞ vətəndaşlarına təyin edilmiş və ya başqa şəkildə bloklanmış şəxslərin aktivləri ilə işləməyi qadağan edir. Bundan əlavə, ABŞ-a aid olmayan maliyyə institutları və sanksiyaya məruz qalan şəxslərlə müəyyən bizneslə məşğul olan digər şəxslər də sanksiyalara və ya icra tədbirlərinə məruz qala bilərlər.
Gununsesi.info