Ağ Evin Milli Təhlükəsizlik sözçüsü Con Kirbi Türkiyəyə F-35 satışı ilə bağlı açıqlama verib.
Gununsesi.info xəbər verir ki, Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar koordinatoru Con Kirbi gündəlik mətbuat brifinqində F-35-lərlə bağlı sualı cavablandırıb.
Kirbi ABŞ-ın Rusiya istehsalı olan S-400 Hava Hücumundan Müdafiə Sisteminin yerləşdirilməsinə görə Türkiyəyə F-35 qırıcılarının satışı ilə bağlı hələ də problem yaşadığını bildirib.
Kirbi ABŞ-ın S-400-lərlə bağlı narahatlığını aradan qaldıracağı təqdirdə Ankaranın yenidən F-35 proqramında iştirakının mümkün olduğunu da bildirib.
Türkiyədə danışıqlar aparan ABŞ dövlət katibinin müavini vəzifəsini icra edən Viktoriya Nuland Rusiyadan alınan S-400 raketdən müdafiə sistemi ilə bağlı vəziyyətin həll olunacağı təqdirdə Türkiyəni yenidən F-35 proqramına qəbul etməkdən məmnun olacaqlarını bildirib.
Türkiyə İsveçin NATO-ya daxil olmasını təsdiqlədikdən sonra Vaşinqton və Ankara arasında F-16 düyünü həll olunub.
Vaşinqton administrasiyası ABŞ Konqresinə 40 F-16 Block 70 döyüş təyyarəsi və 79 F-16 modernizasiya dəstinin Türkiyəyə satışını təsdiqləyən rəsmi bildiriş göndərib.
ABŞ Konqresinin satışı qiymətləndirmək üçün 15 günlük qanuni müddəti var və bu müddət ərzində etiraz olmasa, 23 milyard dollarlıq satış rəsmi olaraq reallaşacaq.
ABŞ Dövlət Departamenti eyni vaxtda Konqresə Yunanıstana daha təkmil F-35 döyüş təyyarələrinin satışını tamamlamaq istədiyi barədə rəsmi bildiriş verib.
Gununsesi.info