ABŞ “demokratiyası”nın iflası

  • By admin
  • 09 Dekabr 2021 18:13

Təəssüf ki, hər şey son inkişaf həddinə çatanda öz əksinə çevrilir. Demokratik dəyərlər də artıq Qərb dünyasında dəyər olmaqdan çıxıb. Sadəcə olaraq sözdə dəyər şəklində qalıb. Bu da bir çox dövlətlərə həmin ölkələrin geosiyasi maraqları kontekstində təzyiq mexanizminə çevrilir. Bu isə ikiüzlü və riyakar siyasətdir. Çünki nədənsə özlərinin siyasi maraqlarına və təməl prinsiplərinə zidd olanda öz ölkələrində, başda da ABŞ və onların NATO üzrə müttəfiqləri olan Avropa ölkələri çox rahatlıqla insan hüquqlarını tapdaya bilirlər. Biz bunun açıq nümayişini Fransada görürük. İnsanların silahla gözləri çıxardıldı. “Sarı jiletlilər”in etiraz aksiyalarının hansı zorakılıqla yatırıldığı, hansı şiddətin tətbiq olunduğu heç kəsin yadından çıxmayıb.

Bu sözləri Publika.az-a politoloq Natiq Miri deyib.

O bildirib ki, ABŞ demokratiyanın mənbəyi kimi çıxış edirsə, ilk növbədə Amerikada vüsət alan irqçiliyi aradan qaldırmalıdır: “Amerikada polislər hər gün çox rahatlıqla qara dərililəri öldürməyi özlərinə borc bilirlər. Heç bir müqavimət göstərməyən qara dərilini yerə yıxıb, silahla öldürə bilirlər. Bu, qaradərili prezident Barak Obamanın dövründə də çox ciddi şəkildə vüsət almışdı. Bunlar hamısı göstərir ki, demokratiya deyilən dəyər yalnız sözdə qalıb. Bu gün əslində demokratiya və insan haqlarını qorumalı olan vəkillər institutu belə insan hüquqlarının müdafiəsi üçün ən böyük əngələ çevrilib. Artıq demokratiya deyiləcək bir dəyər çoxdan dəyər olmaqdan çıxıb. Əgər institutlaşmış bir dəyər yox olursa, onun yeri boş qalmır. Qeyri-formal dəyərlər onun yerini alır. Bu gün ABŞ-da, Avropada bizim müşahidə etdiyimiz budur. Bəzən isə bu məsələlərin çoxunu insan azadlığı kimi dəyərləndirirlər. Hansı ki, bu, bir insanın digərindən asılılığı deməkdir. Bu məsələlərə həmin ölkələrin geosiyasi maraqları kontekstində baxmaq lazımdır”.

Politoloq qeyd edib ki, bu gün demokratiya və insan hüquqlarının ən yüksək səviyyədə qorunduğu ölkələr kimi nə ABŞ, nə də Avropaya baxmaq olar: “Dünyada rifah halı yüksək olan başda Finlandiya olmaqla, Skandinaviya ölkələri kimi dövlətlər barmaqla sayılacaq qədərdir. Ancaq bunu ABŞ kimi hegemon güc haqqında demək mümkün deyil. Lakin bu da o demək deyil ki, başqa ölkələrdə avtoritar idarəetmə üsulu olmalıdır. Bu ölkələrin də aqibəti heç də yaxşı deyil və onlara haqq qazandırmaq olmaz. Bu gün ABŞ-da və ya Avropada seçki yolu ilə hakimiyyəti dəyişdirmək mümkündürmü? ABŞ-da Konqres və Senatın üzvləri on illərlə yerlərini dəyişmirlər. Bu o deməkdir ki, onlar müəyyən lobbilərin və maliyyə şəbəkələrinin dəstəyi ilə korporativ maraqları güdərək hər zaman parlamentə seçilə bilirlər. ABŞ-da prezident seçkiləri də birbaşa olaraq xalqın seçimi ilə baş vermir. Konkret seçicilər var, onların seçdikləri insanlar prezident olurlar. Bunun adını demokratiya qoymaq mümkündürmü?! Avropa ölkələrində də belədir.
Konkret korporativ maraqlar və maliyyə şəbəkələri bütün siyasi sistemi özlərinin maraqları kontekstində fırladır. Ona görə də dəyərlər yalnız kağız üzərində söz olaraq deyil, prinsipial olaraq dövlətin təməlində durduğu zaman gözəldir. ABŞ və Avropa ölkələri bizə örnək ola bilməzlər. Çatışmazlıqlarla da bağlı bizə qətiyyən məhdudiyyətlər tətbiq edə bilməzlər. Çünki onların özləri demokrat deyil. İstədikləri zaman çox rahatlıqla beynəlxalq hüquqa qarşı gələ bilirlər. Bu gün beynəlxalq hüquq ABŞ üçün heç nə ifadə etmir”.

Gununsesi.info