ABŞ Dövlət Departamentindən Ermənistan AÇIQLAMASI: “Rusiya göstərdi ki, ona etibar etmək olmaz”

  • By admin-2
  • 26 Sentyabr 2023 12:32

ABŞ Dövlət Departamenti hesab edir ki, Qarabağdakı vəziyyət Rusiyanın etibarlı müttəfiq ola bilmədiyini Ermənistana nümayiş etdirib.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə bildirib.

Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvanın KTMT-də müttəfiq statusuna malik olmasına baxmayaraq, İrəvanı qoruya bilməməsi ilə bağlı sözlərinə münasibət bildirərək, o deyib ki, Rusiya “güvənilə bilən təhlükəsizlik tərəfdaşı olmadığını nümayiş etdirib”.

ABŞ-ın Qarabağdakı vəziyyətin beynəlxalq monitorinqi ideyasını dəstəkləyib-dəstəkləmədiyi ilə bağlı suala Miller deyib ki, Dövlət Departamenti yerli ermənilərin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsinə kömək edəcək beynəlxalq missiyanın yaradılmasını zəruri hesab edir.

“Bu (beynəlxalq missiya) fəal müzakirə olunur. Bu müzakirələrlə bağlı heç bir açıqlamam yoxdur, amma bu, doğrudur – biz uzun müddətdir ki, belə bir missiyaya çağırırıq və müttəfiqlərimiz və tərəfdaşlarımızla bunu təmin etmək üçün çalışırıq”, – deyə o bildirib.

Miller Azərbaycan və Ermənistanı atəşkəs rejimini qorumağa, növbəti hərbi əməliyyatlardan çəkinməyə, Qarabağ əhalisinin humanitar ehtiyaclarını təmin etməyə və davamlı sülh sazişi əldə etməyə çağırıb.

Səid Əhmədli
Gununsesi.info