ABŞ Dövlət katibi Rusiyanı işğalçı adlandırdı

  • By admin
  • 07 Yanvar 2022 21:52

ABŞ-ın Azərbaycandakı səfirliyinin sosial şəbəkə hesabında Birləşmiş Ştatların Dövlət katibi Entoni Blinkendən sitat paylaşılıb.

Gununsesi.info xəbər verir ki, sitatda deyilir:

“NATO Ukraynanı işğal etməyib; NATO Gürcüstanı işğal etməyib; NATO Moldova xalqının iradəsinə zidd olaraq Moldovada hərbi qüvvələr yerləşdirməyib”.

Blinken sözügedən fikirləri dünən Almaniyanın xarici işlər naziri Annalena Baerbokla birgə keçirdiyi brifinqdə səsləndirib.

Belə ki, Blinkenə Rusiyanın NATO-nun şərqə doğru genişlənməməsi ilə bağlı son vaxtlar artan təminat tələbləri və yanvarın 10-na planlaşdırılan ABŞ-Rusiya təhlükəsizlik danışıqlarından gözləntiləri barədə sual verilib.

Blinken isə qeyd edib ki, regionda qeyri-sabitliyin mənbəyi NATO deyil, Rusiyadır.

“Bəli, Rusiya öz ictimai bəyanatlarında və irəli sürdüyü sənədlərdə Avropanın təhlükəsizliyi ilə bağlı məsələləri qaldırıb. Amma gəlin bunu çox açıq deyək: “NATO Ukraynanı işğal etməyib; NATO Gürcüstanı işğal etməyib; NATO Moldova xalqının iradəsinə zidd olaraq Moldovada hərbi qüvvələr yerləşdirməyib”, – deyə dövlət katibi Blinken bildirib.

O əlavə edib ki, ABŞ Rusiyanın narahatlığını dinləməyə hazırdır, lakin Vaşinqtonun da öz narahatlıqları var, Moskva da onlara qulaq asmalıdır.

 

Gununsesi.info