Azərbaycanda səfərdə olan ABŞ Dövlət Katibinin demokratiya, insan haqları məsələləri üzrə köməkçisinin müavini Kara McDonald bir qrup ictimai-siyasi fəallarla görüşüb.
Görüşdə Azərbaycanda insan hüquqlarının durumu müzakirə olunub.
Bu barədə ABŞ səfirliyinin yaydığı açıqlamada deyilir.
Bununla belə DD rəsmisinin siyasi fəal Bəxtiyar Hacıyevlə ayrıca görüşü olub.
Gununsesi.info-ya açıqlamasında Hacıyev bildirib ki, söhbət zamanı regionda baş verən hadisələr, ölkədə ümumi və ayrı-ayrı fəalların, jurnalistlərin, müxtəlif qrupların qarşılaşdıqları insan hüquqları sahəsindəki problemlər haqqında geniş danışılıb:
“Bayden administrasiyasının gələcəkdə atmasını gözlədiyimiz addımlarla bağlı geniş fikir mübadiləsi apardıq. Xanım diplomat ABŞ prezidenti Baydenin demokratiya və insan hüquqları məsələlərinin xarici siyasətdəki yeri ilə bağlı mövqeyini paylaşdı. Sonra qarşılıqlı maraq doğuran mövzularda söhbət davam etdi. Bu görüşə görə bu gün Brüsselə olan səfərimi bir gün ertələmişdim, digər görüşlər kimi formal, görüş xatirinə keçirilən görüş yox, əhatəli və məzmunlu, səmimi və açıq söhbət olmasına görə səfəri ertələməyimə məyus olmadım”.
Afət Abbasova
Gununsesi.info