ABŞ dövlət katibinin Yaxın Şərqə beşinci səfəri başlayır – Blinken tərəfləri nə təklif edəcək?

  • By admin
  • 05 Fevral 2024 13:53

ABŞ dövlət katibi Antoni Blinkenin Yaxın Şərqə beşinci səfəri başlayır.

Gununsesi.info xəbər verir ki, Blinkenin fevralın 8-dək davam edəcək səfəri zamanı həmsöhbətləri ilə Qəzzada son vəziyyəti və məhbus mübadiləsi prosesini dəyərləndirəcək.

ABŞ dövlət katibi Antoni Blinken bu gün başlayacaq Yaxın Şərq səfəri çərçivəsində Səudiyyə Ərəbistanı, Misir, Qətər, İsrail və İordan çayının qərb sahilinə səfər edəcək.

Bu, HƏMAS-ın oktyabrın 7-də İsrailə hücumundan sonra Blinkenin regiona beşinci səfəri olacaq.

ABŞ Dövlət Departamentindən verilən açıqlamaya görə, Blinken məhbus mübadiləsinin baş tutması və “humanitar atəşkəs” verilə bilməsi üçün tərəflər arasında razılaşmanın əsaslarını yenidən nəzərdən keçirəcək və Qəzzaya humanitar yardımın çatdırılmasını təmin etmək üçün müvafiq ölkələrlə görüşəcək.

Fələstin üçün İsraillə də diplomatik görüşlər keçirəcək Blinkenin gündəmindəki digər mövzu isə Husilərin Qırmızı dənizdəki hücumları ilə bağlı son vəziyyət olacaq.

Xarici siyasət ekspertlərinin fikrincə, bölgədə İranın dəstəklədiyi qrupların ABŞ hədəflərinə hücumları və bu ölkənin həyata keçirdiyi cavab tədbirləri ilə gərginliyin artmasının ardınca müharibənin yayılmasının qarşısını almaq üçün humanitar atəşkəsin təmin edilməsi hər zamankindən daha zəruridir.

Blinkenin tərəflərə altı həftəlik humanitar atəşkəs və bu müddət ərzində israilli girovların və fələstinli məhbusların azad edilməsini təklif edəcəyi gözlənilir.

Gununsesi.info