“İnsanları hərəkətlərinə görə hər zaman cavabdeh edəcəyimizi gözləyə bilərsiniz. ABŞ-ın seçdiyi istənilən yerə, istənilən zamanda da hücuma keçəcəyik”.
Gununsesi.info xəbər verir ki, bu sözləri “ABC News”a müsahibəsində ABŞ Müdafiə naziri Lloyd Ostin deyib.
L.Ostin İranı ABŞ-ın İraqdakı hərbi bazasına edilən hücum əməliyyatlarında günahlandırıb. ABŞ prezidenti Co Baydenin təlimatı ilə Suriyada İranın dəstəklədiyi qüvvələrə qarşı həyata keçirilən hücum əməliyyatından sonra yaşanan hadisənin ABŞ-ın İraqda daha öncə etdiyi hücumlara cavab olduğu ifadə edilib.
İranın İraqdakı şiə qüvvələrini idarə edib-etməməsi ilə bağlı hələ dəqiq bir dəlil olmasa da, Pentaqon rəhbərliyi hücumların arxasında İranın olduğunu düşünür. Ostin müsahibəsində İranın ABŞ-ın öz qoşunlarını müdafiə edəcəyini unutmamalı olduğunu söyləyərək, bu ölkənin doğru olanı seçməsinin vacib olduğunu qeyd edib.
Bölgədə yer alan şiə silahlıları ilə günahlandırılan İran onlara qarşı ittihamları rədd edib və ABŞ-ın terrorizm üçün yer açdığını iddia edib. İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Şamxani ABŞ-ın hava əməliyyatlarında İŞİD üçün yer açdığını və ABŞ-ın bölgədəki terrorizmi canlandırmaq planına qarşı çıxacaqlarını vurğulayıb.
Vəzifəyə gəldikdən sonra qoşunlarını İraqdan çıxarmaq üçün bir açıqlaması və ya hansısa buna yönəlmiş addımı olmayan Bayden rəhbərliyi Tramp idarəçilyindən fərqli olaraq bölgədəki hücumlarını artırmağa meyillidir. ABŞ hərbçilərinin şiə milislərinə qarşı artan hücumları və üst səviyyə idarəçilərin İranı günahlandıran açıqlamaları iki ölkə arasında 2015-ci il nüvə razılaşmasına qayıtmaq ehtimalını çətinləşdirir.
Qeyd edək ki, martın 3-də İraqın qərbindəki Anbar vilayətində ABŞ və İŞİD əleyhinə koalisiya əsgərlərinin yerləşdiyi Ayn əl-Əsəd hərbi bazasına azı on raketin endirildiyi əməliyyat həyata keçirilmişdi.
Gununsesi.info