“Hazırda Rusiya tərəfinin silah sayı onların sayını beş dəfə ötür, yəni ruslar ukraynalılara onların cavab verə biləcəyindən beş dəfə çox top mərmisi atırlar. Bir neçə həftə içində bu say dərhal 10-a qalxacaq. Biz aylardan danışmırıq. Biz hipotetik danışmırıq”, – Kavolinin sözləridir.
Nümayəndələr Palatasının respublikaçı sədri Mayk Conson bu paketin qəbulunun yolunu tapmağa çalışır. Sözügedən qanun Ukraynaya daha çox silah-sursat verilməsi ilə yanaşı, bu silahları istehsal edən ABŞ şirkətlərinin ciddi qazanc əldə etməsi deməkdir. Conson bu qanunu Palatanın səsverməsinə çıxarmağa çalışır, ancaq daxili ehtiyacları, o cümlədən sərhəd güvənliyi məsələsini bəhanə gətirən konqres üzvlərinin dirənişi ilə üzləşir.
Kavoli millət vəkillərinə deyib ki, bu münaqişədə ABŞ-nin təchiz etdiyi 155 millimetrlik artilleriya mərmiləri həyati önəm daşıyıb: “Döyüş meydanında ən böyük qüvvə artilleriyadır. Çox münaqişələrdə belədir, bu münaqişədə isə dəqiq belədir. Ukraynanın mərmiləri bitərsə, biz göndərməyi dayandırdığımız üçün bitəcək, axı o mərmilərin əsas hissəsini biz göndəririk”.
Rusiyanın öz mərmi istehsalı artıb və ölkə bir neçə gündən bir irimiqyaslı hücumlar gerçəkləşdirə bilir. Kavoli deyib ki, Ukraynanın havadan müdafiə ehtiyatları tükənərsə və ABŞ onları önləyici təyyarələrlə təchiz etməzsə, “bu hücumlar Ukraynanın iqtisadiyyatını, mülki cəmiyyətini və ordusunu tam iflic edəcək”.