“Birləşmiş Ştatlar Gürcüstana qarşı yeni sanksiyalar üzərində işləyir və əgər ölkə hakimiyyəti “səhv” istiqamətdə hərəkət etməyə davam edərsə, yaxın gələcəkdə məhdudiyyətlər tətbiq edəcək”.
Gununsesi.info xəbər verir ki, bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn bildirib.
“Mən heç nə elan etməyəcəyəm, amma biz bunu nəzərdən keçiririk . Bu, təkcə korrupsiyadan bəhrələnənlərə deyil, həm də Qlobal Maqnitski İnsan Haqları Aktına əsasən insan hüquqlarının pozulmasında iştirak edənlərə aiddir”.
Onun sözlərinə görə, Gürcüstanın hakim partiyası aydın olmalıdır ki, geriyə yol var: “Bir il əvvəl biz gördük ki, yanlış yol seçilib, sonra hakim partiya öz kursunu dəyişib, böyük uğurlar əldə edib. Ümid edirəm ki, bu, növbəti aylarda yenidən baş verə bilər”.
Ölkənin baş naziri İrakli Kobaxidze bildirib ki, Amerika hakimiyyətinin Gürcüstana qarşı yeni sanksiyaların mümkün tətbiqi ilə bağlı bəyanatları şantajdır.
Onun sözlərinə görə, belə danışmaq səhvdir.
Gürcüstanın ABŞ və Aİ ölkələri ilə münasibətləri may ayında xarici agentlər haqqında qanunun qəbulundan sonra pisləşib.
Respublika prezidenti Salome Zurabişvili bu təşəbbüsə qarşı çıxıb və qanunun “antimilli” olduğunu və konstitusiyaya uyğun olmadığını bildirib.
Tbilisidə qanuna qarşı geniş etiraz aksiyaları keçirilib və Zurabişvili ona veto qoyub, lakin buna baxmayaraq, qanun qəbul edilib.
Şəbnəm Rəhimova
Gununsesi.info