
ABŞ Venesuelada müxalifət liderinin siyasi qadağasından sonra Karakasa qarşı sanksiyaların tətbiq ediləcəyini açıqlayıb.
Gununsesi.info xəbər verir ki, Venesuela Ali Məhkəməsinin (TSJ) müxalifət lideri Mariya Korina Maçadoya 15 illik siyasi qadağa qoymasından sonra ABŞ administrasiyası bu ölkəyə qarşı dayandırdığı sanksiyaların bir qismini bərpa edir.
ABŞ Dövlət Departamentindən verilən açıqlamada TSJ-nin qərarının üzüntü ilə qarşılandığı və bu il Venesuelada keçiriləcək seçkilərlə bağlı narahatlığa səbəb olduğu vurğulanıb.
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller gündəlik mətbuat brifinqində məsələ ilə bağlı qiymətləndirmələrini Xəzinədarlıq Departamenti ilə apardıqlarını bildirib.
Miller Venesuela prezidenti Nikolas Maduro ilə müxalifət arasında aparılan danışıqlarda irəliləyiş olmadığını, ABŞ-ın bütün namizədlərin yarışa girə bilməyəcəyi bir mühitdə Venesuela üçün açdığı məkanı saxlamayacağını bildirib.
Miller Venesuela ilə qızıl sektorunda iş görmək istəyən Amerika şirkətlərinə verilən lisenziyaların iki həftə ərzində (fevralın 13-də) dayandırılacağını bildirib. O, bəyan edib ki, ölkədə siyasi irəliləyiş olmasa, aprelin 14-də başa çatacaq neftin ixracına dair lisenziyalar həmin tarixdən sonra uzadılmayacaq.
TSJ yanvarın 27-də qəbul etdiyi qərarda keçmiş deputat və müxalifət lideri Maçado və tanınmış müxalifət lideri Henrike Kaprilesə qarşı tətbiq edilən 15 illik siyasi qadağanı təsdiqləyib.
Qərara etiraz edən Maçado istənilən halda yarışacağını açıqlayıb, Maduro hökuməti isə sözügedən qərarın tamamilə qanuni olduğunu və müzakirəyə açıq olmadığını bildirib.
ABŞ administrasiyası Maduro 2019-cu ildə ikinci müddətə prezident seçildikdən sonra Venesuelaya neft sanksiyaları tətbiq etməyə başlayıb.
Maduro keçən il müxalifətlə danışıqları zamanı 2024-cü ildə “azad və şəffaf seçkilərin keçirilməsi haqqında” razılığa gəldikdən sonra 2023-cü ilin oktyabrında ABŞ tərəfindən bu sanksiyalar dayandırılıb.
Gununsesi.info