![](https://www.gununsesi.info/wp-content/uploads/2018/04/abs-herbi-gemi-150x121.jpg)
ABŞ hərbi gəmisi artıq Suriya sahillərinə yaxınlaşıb.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Aralıq dənizində hərəkət edən “Donald Kuk” gəmisi Tartusdakı Rusiya hərbi dəniz bazasının 100 kilometrliyində özünə yer edib. Artıq Rusiya hərbi təyyarələri ən azı 4 dəfə gəmi üzərindən uçuş həyata keçiriblər.
ABŞ mətbuatı bu gəminin Suriyaya Kiprdən gəldiyini bildirib. Hərbi gəmi 60 ədəd “Tomaqavk” raketləri ilə təchiz edilib. Bundan başqa, bir neçə gün sonra daha bir ABŞ hərbi gəmisi olan “Porter”in də Suriyaya gələcəyi açıqlanıb.
Rusiyanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri Vasili Nebenzya ABŞ-ı Suriyaya zərbə endirməkdən imtinaya çağırıb. O, əks təqdirdə bunun ciddi nəticələrinin olacağını bildirib.
Qeyd edək ki, dünən ABŞ Prezidenti Donald Tramp 24-48 saat ərzində Suriya ilə bağlı sərt qərarın veriləcəyini deyib. CNN televiziyası isə ABŞ-ın Suriyanın helikopter bazasını bombalayacağını iddia edib.
Gununsesi.info