ABŞ Harvard Universitetinə 2,3 milyard dollarlıq qrantları dayandırdı

Amerika hökuməti bir sıra tələblərə əməl etmədiyi üçün Harvard Universitetinə ayrılan federal qrantları dondurub. Söhbət ümumilikdə 2,3 milyard dollarlıq qrantlardan və 60 milyon dollarlıq müqavilədən gedir.

Bu barədə Gununsesi.info ABŞ mediasına istinadən məlumata verir.

Harvard rəhbərliyi daha əvvəl açıqlamışdı ki, federal hökumətin bütün tələblərini yerinə yetirməyəcək. Universitetin prezidenti Alan Qarber bildirib: “Hakimiyyətdə hansı partiyanın olmasından asılı olmayaraq, hökumət bizə nə öyrətməli, kimi qəbul etməli və hansı sahədə tədqiqat aparmalı olduğumuzu diktə edə bilməz.”

The New York Times və Fox News-un məlumatına görə, ABŞ administrasiyası Harvarddan tələbə və müəllimlərin universitetin daxili işlərinə müdaxiləsini dayandırmağı və xarici tələbələrlə bağlı qanun pozuntularını dərhal federal orqanlara bildirməyi tələb edib.

Qrantların dayandırılmasının səbəbi 2023-cü ilin oktyabrından etibarən Harvard və digər elit universitetlərdə Fələstin tərəfdarı aksiyaların artması və bu fonda antisemitizm ittihamları ilə əlaqələndirilir. Lakin universitet bu tələbləri qanunsuz hesab edir.

Qeyd edək ki, Harvard ABŞ-ın ən nüfuzlu ali təhsil ocaqlarından biri sayılır və İvy Liqasına daxildir.

Şəbnəm

Gununsesi.info