ABŞ Mərkəzi Komandanlığı qüvvələri cümə günü Qırmızı dənizdə gəmiləri hədəf almış husilərə məxsus üç gəmi əleyhinə raketə zərbələr endirib.
Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ ordusu “X” sosial şəbəkəsində bildirib.
“ABŞ qüvvələri Yəmənin husilərin nəzarətində olan ərazilərində raketlərin bölgədəki ticarət gəmiləri və ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri üçün qaçılmaz təhlükə yaratdığını müəyyən edib. ABŞ qüvvələri daha sonra özünümüdafiə məqsədi ilə həmin raketləri vuraraq məhv edib”, – məlumatda deyilir.
ABŞ ötən həftədən etibarən Yəməndəki husi hədəflərinə zərbələr endirir və bu həftə həmin qrupu yenidən “terrorçu” təşkilatlar siyahısına əlavə edib. Prezident Co Bayden cümə axşamı bildirib ki, husilərə qarşı hava hücumları davam edəcək.
Ağ evin sözçüsü Con Kirbi deyib ki, ABŞ ordusu gəmilərə hücumlar etməyə hazırlaşan husi raket sistemlərinə qarşı son həftədə dördüncü hava zərbəsi endirib.
Husilər cümə axşamı axşam saatlarında ABŞ-a məxsus tanker gəmisinə iki gəmi əleyhinə ballistik raket atıblar və bu raketlər gəminin yaxınlığında suya düşüb. ABŞ ordusunun məlumatına görə, həmin raket hücumu heç bir xəsarət və ya dağıntıya səbəb olmayıb.
Gununsesi.info