Azərbaycan və ABŞ Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində ikitərəfli əməkdaşlığın beş əsas məqsədini müəyyənləşdirib.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ-nin Vitse-prezidenti Ceyms Devid Vens tərəfindən imzalanmış Xartiyanın mətnində deyilir.
Əməkdaşlığın birinci istiqaməti regional əlaqəlilik və enerji təhlükəsizliyi müəyyən edilib. Xüsusilə Bakı və Vaşinqton Orta Dəhlizin inkişafına diqqət yetirməklə iqtisadi artıma və regional bağlantıya dəstək məqsədilə əməkdaşlığı genişləndirmək niyyətindədir.
Maraqlıdır, Rusiya bu məsələyə necə yanaşacaq? Ümumiyyətlə, necə yanaşmalıdır?
İran bu Strateji Tərəfdaşlığı necə qəbul edəcək?
Azərbaycan bu əməkdaşlıqla hansı riskləri üzərinə götürür?
Bu barədə Gununsesi.info -ya Milli Məclisin deputatı Fazil Mustafa danışıb.
O bildirib ki, ümumiyyətlə, əməkdaşlıq xartiyasının imzalanması özü böyük hadisədir:
“Çünki ABŞ özü xüsusi münasibət qurmaq istədiyi dövlətlərlə bu cür sənədləri imzalayır. Bu, həm də gələcəkdə bu dövlətlərin strateji yaxınlığını təmin edən vacib sənəddir. Sənəddə Orta Dəhliz məsələsinə nə qədər önəm verildiyi xüsusi vurğulanır. Bu məsələdə ABŞ-nin marağı bölgə dövlətlərinin də təhlükəsizliklə bağlı məsələlərin diqqətə alınması kimi nüanslar əsas götürülür. Təbii ki, burada bögə üzərində bütün maraqlı dövlətlərin yanaşmaları üst-üstə düşmür. Amma buna baxmayaraq, əsas iki qonşu dövlətin-Ermənistan və Azərbaycanın prinsipial olaraq gəldiyi nəticə var və bu nəticə də ABŞ tərəfindən məhz bu cür sənədlərin imzalanması ilə təsdiqlənir”.
Deputat o cümlədən bildirib:
“Təbii ki, Rusiya və İran da bu prosesdə özlərinin iştirakını vacib hesab edirlər və onların da rəyi nəzərə alınmadan hansısa bir addım atılmasını məqsədəuyğun saymırlar. Amma bu onların ərazisinə aid olan məsələ olmadığına görə, yaxşı olar ki, prosesin içində dostcasına yer alsınlar. Belə olmasa, bölgə üçün vacib strateji layihənin həyata keçirilməsinə mane olacaq addım atılması gözlənilmir. Olarsa, bu da artıq ABŞ ilə üz-üzə gəlmək deməkdir. Ona görə də Azərbaycan və Ermənistan inamlı şəkildə əldə olunan razılığın daha irəli götürülməsi istiqamətində qərarlılığını dəfələrlə təkrarlayırlar”.
O, həmçinin son olaraq qeyd edib:
“Artıq bu iki səfərdən sonra yaranmış yeni stiuasiya onu göstərir ki, ABŞ buradakı prosesə olduqca ciddi yanaşmaqdadır. Belə bir vəziyyətdə hansısa kənar qüvvələrin bu prosesə müdaxilə etməsi də məhdudlaşır. Ümid edək ki, bu məsələlərin artıq başqa platformalarda, başqa niyyətlə müzakirəsi o qədər effektli olmayacaq və nəzərdə tutulan layihələr yaxın zamanda öz həllini tapacaq”.
Orxan
Gununsesi.info












