ABŞ-ın Mayami-Deyd dairəsində fevralın 26-sı Xocalının Anım Günü elan edilib

  • By ilhame
  • 26 Fevral 2024 21:50

ABŞ-ın Mayami-Deyd dairəsində fevralın 26-sı Xocalının Anım Günü elan edilib.

 

Gununsesi.info xəbər verir ki, bu barədə Mayami-Deyd dairəsinin meri Daniella Levin Kava və Mayami-Deyd dairəsinin Komissarlar Şurasının sədri III Oliver G. Gilbert Bəyannamə imzalayıb.

 

Bildirilib ki, 1992-cı il fevralın 25-dən 26-na keçən gecə Azərbaycanın Xocalı şəhər əhalisinin qətliama məruz qalması nəticəsində aralarında çoxlu uşağın, qadının və ahılın olduğu 600-dən çox dinc və günahsız mülki şəxs qətlə yetirilib. Nəzərə çatdırılıb ki, insan haqları üzrə məşhur beynəlxalq təşkilatlar, o cümlədən “Human Rights Watch” bu faciəni bölgənin ən böyük qırğını adlandırıb.

 

Bəyannamə müəllifləri Mayami-Deyd dairəsi adından fevralın 26-nı Xocalının Anım Günü elan ediblər və xeyirxah insanları Xocalı soyqırımının 32-ci ildönümünü yad etmək üçün yerli hakimiyyət nümayəndələrinə qoşulmağa çağırıblar.

 

Qeyd edək ki, sənəd ABŞ-ın Florida ştatının Mayami şəhərində 2006-cı ildən bəri fəaliyyət göstərən Azərbaycan-Amerika Mədəniyyət Assosiasiyasının sədri Töhfə Eminovaya təqdim olunub.

Gununsesi.info