ABŞ-ın İordaniya-Suriya sərhədində 3 əsgərinin öldüyü pilotsuz uçuş aparatının (PUA) hücumuna həftələrlə davam edəcək “kampaniya” ilə cavab verməyə hazırlaşdığı bildirilib.
Gununsesi.info-nun xəbərinə görə, rəsmilər “NBC News”a bildiriblər ki, ABŞ rəsmiləri hədəflər üzərində işləməyə davam edir.
Adının açıqlanmasını istəməyən sözügedən rəsmilər ABŞ prezidenti Co Bayden administrasiyasının hədəfləri hələ yekunlaşdırmadığını, ancaq həftələrlə davam edə biləcək bir “kampaniya”ya hazırlaşdığını paylaşıblar.
Tədqiq olunan hədəflərin İran hüdudlarından kənarda İranla əlaqəli hədəfləri də əhatə etməsinin gözlənildiyi, cavab kampaniyasının həm hücumlar, həm də kiber əməliyyatları əhatə edəcəyi bildirilib.
ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Baydenin cavab üçün bir yol çəkdiyini bildirib və bölgədə gərginliyi artırmağı hədəfləmədiklərini vurğulayıb.
“ABŞ-ın cavabı gərginliyi artırmayacaq. İndiyə qədərki hərəkətlərimiz gərginliyi artırmaq deyil, ABŞ əsgərlərini müdafiə etmək məqsədi daşıyırdı. İnanırıq ki, regionda gərginliyin artması heç kimə fayda verməyəcək”, – deyə o bildirib.
Yaxın Şərqdə qarşıdurmaların yayılmasının ABŞ-ın maraqlarına xidmət etməyəcəyini bildirən Miller bunun İranın maraqlarına uyğun olmadığını müdafiə edib.
Bölgədəki əsgərlərini, müttəfiqlərini və maraqlarını qorumağa davam edəcəklərini vurğulayan ABŞ sözçüsü bundan sonra da ehtiyatla hərbi addımlar atacaqlarını qeyd edib.
Gununsesi.info