ABŞ-ın Rusiyaya sanksiyası Qarabağ münaqişəsinə də təsir edəcək - ERMƏNİ EKSPERT

  • By admin
  • 07 Avqust 2017 10:18

default

İrəvan ABŞ-ın Rusiyaya sanksiyasının Qarabağ münaqişəsinə də təsir edəcəyindən ciddi narahatdır.

Gununsesi.info xəbər verir ki, erməni ekspert Stepan Qriqoryanın fikrincə, ABŞ-ın Rusiya, İran və Şimali Koreyaya qarşı tətbiq etdiyi sanksiyalar, Ağ Evin  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində  ATƏT-in Minsk Qrupunun fəaliyyətində də yeni vəziyyət yarada bilər.

“Belə ki, ABŞ Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı ATƏT-in Minsk Qrupundan ayrıca fəaliyyət göstərə bilər. Necə ki, ABŞ bu yaxınlarda Ukrayna məsələləri ilə bağlı xüsusi nümayəndə təyin edib. Əgər Vaşinqton indiyədək Ukrayna böhranının həll olunması ilə bağlı yaradılan “Normandiya dördlüyü”nə  (bu dördlüyə – Fransa-Almaniya-Rusiya və Ukrayna daxildir) inanırdısa və bu formatda Ukrayna böhranının həllinə ümid edirdisə, həmçinin bəyan edirdi ki, lazım olacağı təqdirdə bu formatdakı danışıqlara dəstək verəcək. Ancaq sonda Ağ Ev bu münaqişə ilə bağlı özünün xüsusi nümayəndəsini təyin etdi. Belə halı Qarabağ məsələsinin tənzimlənməsində də gözləmək olar  və bu istisna deyil”- deyə, erməni ekspert vurğulayıb.

Erməni ekspert ümumiyyətlə ABŞ-ın Rusiya və İrana qarşı sanksiyalarının birmənalı olaraq Ermənistanın maraqlarına uyğun olmayan və ziyanlı bir sanksiya olduğunu dilə gətirib.

S.Qriqoryan hesab edir ki, Ermənistan Avrasiya İqtisadi İttifaqının üzvüdür və bu təşkilatın da lokomotiv ölkəsi Rusiyadır. “Vaşinqton və Brüsselin Rusiyaya qarşı sanksiyaları istər-istəməz Rusiyanın iqtisadiyyatını zəiflədəcək və bu da öz növbəsində Ermənistana öz mənfi təsirini göstərəcək. Rusiya iqtisadiyyatının zəifləməsi öz növbəsində Avrasiya İttifaqının iqtisadiyyatına öz mənfi təsirini göstərəcək və bu qurumun iqtisadiyyatını zəiflədəcək. Bu da öz növbəsində Rusiyada proteksionizmi gücləndirəcək. Yəni Moskva məcburiyyət qarşısında öz istehsalını və vətəndaşının iş yerlərini qorumaq zorunda qalacaq. Bu da təbii ki, Ermənistan iqtisadiyyatına öz mənfi təsirini göstərəcək və bu qaçılmazdır. Çünki Ermənistan iqtisadiyyatı Rusiya bazarından çox asılı vəziyyətdədir”- deyə, S.Qriqoryan bildirib.

Hazırladı Mürtəza

Gununsesi.info