ABŞ-ın Rusiyaya yeni sanksiyaları Azərbaycanı da vura bilər

  • By admin
  • 05 Aprel 2019 09:37

ABŞ Senatında respublikaçılarla demokratların nümayəndələri birlikdə Rusiyaya qarşı ABŞ-dakı seçkilərə güman edilən müdaxiləyə cavab olaraq yeni məhdudiyyətlər paketi hazırlayıblar.

“Deter Act” kimi məşhur olan qanun layihəsinin məqsədi “ABŞ-da seçkilərə xarici müdaxilənin yolverilməzliyi”dir. Bu, aprelin 3-də dərc edilmiş sənəddən bəlli olur. Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, qanun layihəsi Rusiyanı Çin, İran, Şimali Koreya və senatorların fikrincə, ABŞ-dakı seçkilərə təsir etmək istəyən digər ölkələrlə eyni sıraya qoyur. Lakin Rusiyaya qarşı sanksiyalara sənədin xeyli böyük hissəsi həsr olunub. Düzəlişlərə əsasən, ABŞ konkret banklara və energetika şirkətlərinə qarşı məhdudiyyətlər tətbiq edə bilər. Zərbə altına “Sberbank”, VTB, “Qazprombank”, VEB (“Vneşekonombank”), “Rosselxozbank”, həmçinin “Qazprom”, “Rosneft” və “LUKoil” düşə bilər. Layihədə həmçinin Rusiya ilə əlaqəli dağ-mədən, kosmik və digər sahə müəssisələri qeyd olunur ki, onların adları çəkilmir.

Bundan əlavə, amerikalılar Rusiya suveren borcu, dövlət istiqrazları və Rusiya hökumətinin nəzarət etdiyi şirkətlərin borc öhdəliklərinin ABŞ yurisdiksiyası altına düşən tranzaksiyalarını məhdudlaşdırmaq niyyətindədirlər. Həmçinin, şəxsi sanksiyalar altına düşmüş “yüksək vəzifəli rusiyalı siyasi fiqurların və top-menecerlərin” aktivlərinin bloklanması və dondurulması tətbiq olunacaq. Mülkiyyətin müsadirəsi haqqında bu dəfə söhbət getmir.

Lakin sənəddə sanksiyaların dayandırılması da nəzərdə tutulur. “Minimum iki prezident seçkiləri dövrü” ərzində kəşfiyyat, FTB və Milli Təhlükəsizlik Agentliyi seçki prosesinə müdaxilənin olmamasını aşkar etsələr, prezident sanksiyaları qüvvədən düşmüş elan edə bilər. Həmçinin qeyd olunur ki, sanksiya təzyiqi Avropa İttifaqı ilə əməkdaşlıq şəraitində tətbiq olunmalıdır.

Qeyd  edək ki, siyahıda adı keçən Rusiya banklarının bir neçəsinin Azərbaycanda filialları fəaliyyət göstərir. Eyni zamanda məhdudiyyətlər qoyulacaq iri şirkətlərin də bir neçəsinin Azərbaycanda fəaliyyəti mövcuddur. Bəs görəsən, Rusiyanın üzləşdiyi sanksiyaların Azərbaycana təsirləri necə ola bilər? Azərbaycanla Rusiya arasında əməkdaşlığın əsasən müdafiə sənayesi sahəsində olduğunu deyən ekspertlər bildirirlər ki, daha önəmli olanı Azərbaycan Neft Fondunun Rusiyanın maliyyə bazarına yerləşdirdiyi investisiyalarla bağlıdır. Ona görə də Rusiyanın üzləşdiyi sanksiyaların Azərbaycanla sıx əməkdaşlıq olunan hər iki sahəyə təsiri ola bilər.

Məsələn, bu cür sanksiyalar “VTB Bank-Azərbaycan”ın fəaliyyətinə mənfi təsir göstərə bilər. Dövlət Neft Fondunun da səhmdarı olduğu “VTB Bank”dakı fəaliyyətinə təsir göstərməsi mümkündür.  

Ekspertlər həmçinin hesab edirlər ki, sanksiya və məhdudiyyətlərin Azərbaycana təsirlərindən biri Rusiyada yaşayan soydaşlarımızın qazanclarının azalması və ölkəmizə daxil olacaq nağd vəsaitlərin bir az da aşağı düşməsi ola bilər. Rusiyadan Azərbaycana pul köçürmələrin həcmi yüz milyon dollarlarla ölçülür. Əlbəttə, bu vəsaitlər rəsmi qeydiyyata düşən məbləğdir. Qeyri-rəsmi Azərbaycan ailələrinə göndərilən pulun həcmi daha çoxdur. Təbii ki, bu qədər vəsait Azərbaycan iqtisadiyyatı üçün az məbləğ deyil. Odur ki, banklara məhdudiyyətlər tətbiqinin köçürmələrdə azalma olacağına da gətirib çıxarması istisna deyil.

İqtisadçıların fikrincə, azərbaycanlı iş adamlarının da yatırımlarında təhlükələr gözlənilir. Elə iş adamlarımız var ki, Rusiyada daşınmaz əmlaka, biznes obyektlərinə, müxtəlif kompaniyaların səhmlərinə sahibdirlər. Onların bizneslərinə zərbələr dəyə bilər.

Bir sözlə, Rusiyaya qarşı gözlənilən yeni sanksiyaların Azərbaycanın da xeyrinə olmadığı şübhəsizdir.