ABŞ-ın silah satışında REKORD: Ən çox bu ölkəyə satılıb – HESABAT

  • By admin
  • 30 Yanvar 2024 14:29

ABŞ Dövlət Departamenti 2023-cü ilin oktyabr ayına qədər olan maliyyə dövrünü əhatə edən hesabatı açıqlayıb.

Gununsesi.info xəbər verir ki, Rusiyanın Ukraynaya qarşı başladığı müharibədən sonra silah satışlarının artdığını ortaya qoyan hesabata görə, ABŞ 2023-cü ildə xarici ölkələrə silah satışında 16 faiz artım göstərib.

ABŞ-ın ümumi silah satışı 238 milyard dollarla rekord qırarkən, bu satışın 81 milyard dolları birbaşa dövlət satışlarından əldə edilib. Dövlət satışlarından əldə edilən məbləğ 2022-ci illə müqayisədə 56 faiz artıb. Qalan satışlar birbaşa xarici ölkələrə ABŞ müdafiə şirkətləri tərəfindən həyata keçirilib.

Ukraynanın qonşusu Polşa ordusunu genişləndirmək üçün ən çox silah alış-verişi edən ölkədir. Polşa 2023-cü ildə ABŞ-dan 12 milyard dollara “Apache” helikopterləri, 10 milyard dollara Yüksək Performanslı Artilleriya Raket Sistemi (HIMARS) və “M1A1 Abrams” tanklarını 3,75 milyard dollara alıb. Bundan əlavə, Polşa İnteqrasiya edilmiş Hava və Raket Hücumundan Müdafiə Komandanlığı və İdarəetmə Sistemi üçün 4 milyard dollar ödəyib.

Polşanın baş naziri Donald Tusk bəyan edib ki, əvvəlki mühafizəkar hökumət Polşanı Avropanın ən güclü ölkəsinə çevirməyi hədəfləyən ordunun modernləşdirilməsi proqramını davam etdirəcək.

Almaniya ABŞ-a “Chinook” helikopterləri üçün 8,5 milyard dollar ödəyib. Bolqarıstan “Stryker” zirehli maşınlarına 1,5 milyard dollar, helikopterlərə isə 1 milyard dollar xərcləyib. Çexiya F-35 təyyarələri və döyüş sursatları üçün 5,6 milyard dollar ödəyib.

ABŞ prezidenti Co Bayden administrasiyası Ukraynaya verilən dəstəyin silah satışı ilə də ölkə iqtisadiyyatına töhfə verdiyini bildirib. ABŞ Dövlət Departamentinin yaydığı açıqlamada deyilir: “Silah və müdafiə ticarəti ABŞ-ın qlobal və regional təhlükəsizliyə uzunmüddətli təsirləri olacaq xarici siyasət alətləridir”. Bundan əlavə, açıqlamada ABŞ-dan sonra ikinci ən çox silah satan Rusiyadan uzaqlaşan ölkələrin satışlarını artırdığı qeyd edilib.

Avropadan kənar ölkələr də ABŞ-dan silah alır. Cənubi Koreya “5-35” reaktiv təyyarə üçün 5 milyard dollar, Avstraliya “C130J-30” təyyarələri üçün 6,3 milyard dollar, Yaponiya isə “E-2D” təyyarələri üçün 1 milyard dollarlıq sövdələşmələr həyata keçirib.

Gununsesi.info