ABŞ-ın sülhün təmin olunmasında gücün tətbiqi siyasəti və Qarabağ… - MÜRTƏZA BÜNYADLI YAZIR

  • By admin
  • 21 Dekabr 2017 15:32

ABŞ prezidenti Donald Trampın70 səhifədən ibarət Ağ Evin növbəti illər üçün xarici siyasətini müəyyən edən Qlobal Təhlükəsizlik Strategiyası açıqlanıb. Bu 70 səhifəlik sənəddə Trampın həm seçkiöncəsi vədləri, həm də prezidentlik dövründə müəyyən kursun bundan sonra qətiyyətlə davam etdirəcəyini müəyyən etdirən tezislər öz əkisini tapıb.  Sənəddə bir daha Rusiya, Çin, İran, Şimali Koreya ABŞ-a və qlobal təhlükəsizliyə ciddi təhdid hesab olunaraq, bu ölkələrə qarşı sərt siyasətin yürüdüləcəyi öz əksini tapıb.

Bu sənəd bir daha onu deməyə əsas verir ki, Ağ Ev öz qlobal maraqlarını təmin etmək üçün nəinki ən sərt siyasi metodlardan, eyni zamanda digər alternativlərdən də istifadə edəcəyi istisna deyil. O baxımdan bu sənədin Azərbaycan üçün də müsbət məqamları var və bundan bəhrələnmək lazımdır.

Təsadüfi deyil ki, Trampın yeni qlobal təhlükəsizlik strategiyasını dəyərləndirən beynəlxalq təhlükəsizlik analitiki Peter Bergen CNN-ə bildirib ki, Tramp məqsədlərinə nail olmaq və maraqlarını təmin etmək, bəzi münaqişələrin siyasi yolla həllində güc taktikasından  istifadə edəcəyini dilə gətirib.

Belə demək mümkünsə, ABŞ qlobal təhlükəsizliyə təhlükə olan qüvvələri beynəlxalq hüquq və prinsiplərinə riayət etməsi üçün gücü vacib amil hesab edir. Yəni ABŞ sülhü təmin etmək üçün güc variantını istisna etmir. Və lazım gələcəyi təqdirdə bu variantdan istifadə edəcəyini dünyaya mesaj verir.

Sənəddə dünyada qlobal təhlükəsizliyə ciddi təhdid olan ölkələrin bir çoxunun adı açıqlansa da, bir sıra ölkələrin adı burada yer almayıb. Hansı ki, bu ölkələr də regional, regionlararası və ümumiyyətlə dünyanın təhlükəsizlik arxitekturasına adıçəkilən ölkələrdən heç də az təhdid yaratmırlar. Bu Ermənistandır. Ermənistan bu gün nəinki regional sabitliyə və təhlükəsizliyə, eyni zamanda regionlararası əməkdaşlığa və ən əsası da Avropanın təhlükəsizlik arxitekturasına ciddi təhlükə yaradan ölkədir. Ermənistanın regional təhlükəsizliyə törətdiyi təhdid birbaşa ABŞ-ın həm qlobal, həm regional maraqlarının təmin olunmasına birbaşa mane olmaqla, Ağ Evin bölgədə reallaşdırdığı layihələrə ciddi təhdid mənbəyidir. Məhz  Ermənistanın işğalçılıq siyasəti nəticəsində bölgədə davamlı və etibarlı sülhü, təhlükəsizliyi təmin etmək mümkün deyil. Əminliklə qeyd etmək olar ki, Ermənistan ABŞ-ın da Xəzər hövzəsindəki maraqlarının təmin olunmasına ən ciddi əngəl törədən ölkədir.

Dünyanın təhlükəsizliyinə belə bir ciddi təhdid törədən ölkənin adının ABŞ-ın bu sənədində yer almaması sadəcə təəssüf hissi doğurur. Təkcə ona görə yox ki, Ermənistan işğalçılıq siyasəti nəticəsində Azərbaycanın 20 faiz torpaqlarını işğal edib, bu siyasəti davam etdirməklə, dünyada işğalçılıq siyasətini təşviq  etməkdədir. Ermənistan nəinki dünyada işğalçılıq siyasətini təşviq edir, eyni zamanda terroru dövlət siyasəti səviyyəsində tətbiq etməklə, beynəlxalq terrorizmi təvşiq edir.

İşğalçılığa və beynəlxalq terrorizmə qarşı barışmaz mövqe ABŞ-ın xarici siyasətinin əsas prioritetlərindən biridir. Necə ki, bu siyasət növbəti illər üçün açıqlanan Qlobal Təhlükəsizlik Strategiyasında xüsusi yer tutub. Lakin buna rəğçən, ABŞ terroru dövlət siyasəti səviyyəsinə qaldıran və  beynəlxalq terroru dəstəkləyən ölkəyə qarşı sərt mövqe sərgiləmək əvəzinə, ona maliyyə yardımları ayırır. Hesab edirəm ki, Azərbaycan Qarabağ münaqişəsinin həllində Ağ Evin Qlobal Təhlükəsizlik  Strategiyasının əsas ana xətti olan “sülhə nail olmaq üçün gücdən istifadə” prinsipinə söykənmə taktikasından bəhrələnməlidir. Ona görə ki, ABŞ Qarabağ münaqişəsinin tənzimlənməsində ATƏT MQ-nin üç həmsədr ölkəsindən biri olduğundan Xəzər hövzəsinin və Avropanın təhlükəsizlik arxitekturasına ciddi təhdid sayılan Ermənistana qarşı sərt  mövqe sərgiləməklə, İrəvanı işalçı siyasətindən geri çəkindirmək olar.  Azərbaycan tərəfinin də hər zaman səsləndirdiyi kimi Ermənistanı işğalçılıq siyasətindən əl çəkindirmək  və beynəlxalq hüquqa hörmət etməsi üçün bu ölkəyə qarşı təzyiq vasitəsi kimi sərt sanksiyalar tətbiq edilməlidir. ABŞ eyni zamanda Ermənistanın himayədarlarını da sanksiyalarla hədələyərək, onları geri otuzdurmalıdır. Necə ki, Ağ Ev bu taktikadan Ukrayna və digər böhranlarda istifadə edir. Dünyaya işğalçılıq və beynəlxalq terroru təşviq edən  Ermənistana qarşı ancaq ən sərt sanksiyalar və güc tətbiq etməklə onu bu destruktiv siyasətindən geri çəkindirmək olar. Ancaq bu sərt taktikadan istifadə etməklə bölgədə davamlı sülhü, inkişafı və təhlükəsizliyi təmin etmək mümkündür. Əgər doğrudan da ABŞ  qlobal təhlükəsizliyə təhdid edən ölkələri beynəlxalq hüququn prinsip və normalarına riayət eməsinə nail olmaq istəyirsə, o zaman belə bir  mövqe Ermənistana da sərgilənməlidir. ABŞ belə bir addım atarsa o zaman özünün dünyada ədalətin və beynəlxlq hüquq norma və prinsiplərinin təminatçısı rolunu sübuta yetirmiş olar. Bu həm də ABŞ-ın Xəzər hövzəsindəki maraqlarının təmin olunması istiqamətindəki ən ciddi əngəlin aradan qalxması baxımından önəmlidir.

Bunun əksini dünyanın müxtəlif bölgələrindəki böhranlara və münaqişələrə ikili yanaşmanın və siyasətin təzahürü kimi dəyərləndirmək lazımdır.

Mürtəza Bünyadlı

Gununsesi.info