ABŞ-ın vitse-prezidenti ÇAĞIRIŞ: “Beynəlxalq humanitar qanunlara hörmət edilməlidir”

  • By admin
  • 04 Dekabr 2023 08:45

ABŞ-ın vitse-prezidenti Kamala Harris, Qəzza zolağında çoxlu sayda günahsız mülki insanın həlak olduğunu qeyd edərək, İsrailin beynəlxalq humanitar qanunlara hörmət etməli olduğunu deyib.

Gununsesi.info xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 28-ci Tərəflər Konfransında (COP28) iştirak edən Harris BƏƏ prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan, Misir prezidenti Əbdülfəttah əs-Sisi və İordaniya kralı II Abdullah ilə görüşlər keçirib.

Harris danışıqlardan sonra deyib: “Əhəmiyyətli olan İsrailin özünü necə müdafiə etməsidir. (Qəzzada) çox sayda günahsız dinc sakin öldürülüb. Mülki əhalinin iztirabları və Qəzzada baş verənlər dəhşətlidir”.

Bölgədə qalıcı sülhə nail olmaq üçün Qəzzanın Fələstin rəhbərliyi tərəfindən idarə olunması lazım olduğuna diqqət çəkən Harris Fələstin Muxtariyyətinin xalqının iradəsinə uyğun olaraq dirçəldilməsinin vacibliyini vurğulayıb.

Vitse-prezident İsrailin bölgədəki günahsız mülki insanları müdafiə etməsinin vacibliyini vurğulayaraq qeyd edib ki, nə vaxtsa hücumlar dayanacaq və növbəti addımlar üçün plan hazırlanmalıdır.

İordaniya kralı II Abdullah ilə görüşdə o, fələstinlilərin məcburi köçürülməsinə qarşı çıxış edib: “Biz yenidən işğala, mühasirəyə və ya blokadaya qarşıyıq. Ərazi itkisi olmayacaq və Qəzza terror platforması kimi istifadə edilməyəcək”.

Gununsesi.info