
“Birləşmiş Ştatlar daima azad söz və azad media prinsiplərini müdafiə edəcək. Bunlar bizim iki əsas dəyərimizdir və nəyəsə qurban verə bilmərik. Bu barədə həmişə açıq danışmışıq. Bunların Azərbaycanda necə işlədiyinə Azərbaycan qərar verməlidir, bununla bağlı öz konstitusiyası daxilində və beynəlxalq öhdəlikləri var və biz həmin öhdəliklərə əməl olunmasını istəyirik”.
Gununsesi.info-nun xəbərinə görə, bunu Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Mark Libbi (Mark Libby) fevralın 15-də bir qrup jurnalistlə görüşündə deyib.
Səfir Mark Libbi ABŞ və Azərbaycan arasında münasibətlərdə ziddiyyətlərin olduğu məqamlardan danışıb: “Biz jurnalistlərin və vətəndaş cəmiyyəti fəallarının saxlanılması, həmçinin ABŞ-ın Azərbaycandakı yardım və mədəni proqramlarının təhrif olunmasından narahatlığımızı bildirdik. Bu, münasibətlərimizə mənfi təsir göstərir“.
Diplomatın sözlərinə görə, bu vəziyyəti düzəltmək üçün çoxlu imkan var, çünki iki ölkənin maraqlarının üst-üstə düşdüyü və müsbət əməkdaşlıq təcrübəsinin olduğu bir çox sahə var və bunlar təhlükəsizlik, enerji və digər sahələrdir.
Səfir ABŞ rəhbərliyinin prezident İlham Əliyevin yeni mandatı dövründə Azərbaycanla işləməyi davam etdirməyi səbirsizliklə gözlədiyini söyləyib: “Legitimliyin olub-olmadığını demək bizlik deyil, bu sual Azərbaycan xalqına verilməlidir. Biz konkret seçkinin necə keçirilməsi və bəzi digər narahatlıqları şərh edirik. Bunları düzəltmək bizim problemimiz deyil. İndi bizim etməli olduğumuz prezidentin yeni mandatı dövründə münasibətləri irəli aparmaqdır”.
Gununsesi.info