Uranın zənginləşdirilməsinə qadağanın müddəti İslamabadda ABŞ-İran sülh danışıqlarında razılığa gəlməyə əsas maneələrdən biri olub.
Gununsesi.infoxəbər verir ki, bu haqda “The Wall Street Journal” və “The New York Times” qəzetləri yazıb.
Danışıqlara yaxın ABŞ rəsmilərinin dediyinə görə, Vaşinqton Tehrana qarşı ABŞ sanksiyalarının yüngülləşdirilməsi qarşılığında uranın zənginləşdirilməsinə 20 illik moratorium qoyulmasını istəyib.
“The New York Times” əlavə edib ki, İranın danışıqlar qrupu buna cavab olaraq müddətin 5 il olmasını təklif edib.
İranın 60 faiz səviyyəsində zənginləşdirilmiş bütün uranının məhvi Tramp üçün mərkəzi məsələdir. İsrailin baş naziri Binyamin Netanyahu aprelin 13-də bildirib ki, İslamabadda ABŞ nümayəndə heyətinə rəhbərlik edən vitse-prezident Cey Di Vens ona bu haqda danışıb.
Netanyahu əlavə edib ki, “Tramp qarşıdakı illərdə, hətta onilliklərdə heç bir zənginləşdirmənin olmamasını, İran daxilində, ümumiyyətlə, zənginləşdirmənin həyata keçirilməməsini təmin etmək istəyir”.











