ABŞ İrana uran ehtiyatlarını Rusiyaya verməyi təklif edir

ABŞ, İranla nüvə sazişi üzrə danışıqlar çərçivəsində, Tehrana yüksək zənginləşdirilmiş uran ehtiyatlarını Rusiyaya ötürməyi təklif edib.

Gununsesi.info xəbər verir ki, bu barədə “The Guardian”ın məlumatında bildirilir.

Məsələ aprelin 12-də Omanda keçirilən dolayı danışıqlar zamanı müzakirə edilib və bu, tərəflər arasında mümkün razılaşmanın qarşısında duran əsas maneələrdən biridir.

“The Guardian” yazır ki, İran ABŞ-ın uran ehtiyatlarını üçüncü ölkəyə təhvil vermək təklifinə “müqavimət göstərəcək”.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, “The Guardian”ın məlumatını şərh etməyəcəyini bildirib.

Aprelin 12-də Omanın paytaxtı Maskatda ABŞ və İran nümayəndə heyətləri arasında dolayı danışıqlar keçirilib.

Görüşdən sonra ABŞ prezidenti Donald Tramp, İranla danışıqların yaxşı getdiyini bəyan edib. Danışıqların növbəti raundu aprelin 19-da Omanda keçiriləcək.

“The Wall Street Journal”ın məlumatına görə, İran nüvə proqramını məhdudlaşdırmaq müqabilində ABŞ-ın sanksiyalarını yumşaltmağa çalışır.

Günay

Gununsesi.info