Yaxın Şərqdə gərginliyin durmadan artdığı bir vaxtda ABŞ-ın vitse-prezidenti Kamala Harris İsrailə, yoxsa Qəzzaya əsgər göndərmək planlarının olub-olmaması ilə bağlı açıqlama verib.
Gununsesi.info xəbər verir ki, ABŞ-ın vitse-prezidenti Kamala Harris İsrail və Qəzzaya qoşun göndərmək planının olmadığını açıqlayıb.
“CBS News”a danışan Harris İsrailin “özünü müdafiə etmək hüququna” malik olduğunu bildirib. Harris, “Həmas və fələstinlilərin eyni hesab edilməməsi lazım olduğunu” vurğulayaraq, “Fələstinlilər də israillilərlə eyni təhlükəsizlik, qətiyyət və ləyaqətə layiqdirlər” deyib.
İsrail-Fələstin münaqişəsində müharibə qaydalarına riayət edilməsi lazım olduğuna diqqət çəkən Harris Fələstinə humanitar yardım axınının davam etdirilməsinin vacibliyinə diqqət çəkib.
ABŞ-ın vitse-prezidenti Harris İranı məsələyə qarışmamağa çağıraraq, “Bizim İsrail və Qəzzaya əsgər göndərmək planımız və niyyətimiz yoxdur” deyib.
Fələstin-İsrail müharibəsi başlayandan sonra ABŞ öz təyyarədaşıyan donanmasını Şərqi Aralıq dənizinə göndərib.
ABŞ-ın CNN xəbər kanalı ABŞ-ın Yaxın Şərqə göndərdiyi və Qırmızı dənizdə yerləşən amfibiya gəmisinin də Şərqi Aralıq dənizinə doğru getdiyini açıqlayıb. CNN-in adının açıqlanmasını istəməyən ABŞ rəsmilərinə əsaslanan xəbərinə görə, ABŞ-ın avqust ayında Yaxın Şərqə göndərdiyi 26-cı Dəniz Piyadaları Ekspedisiya Qrupunu daşıyan “USS Bataan” amfibiya gəmisi keçən həftənin sonlarında Süveyş kanalına doğru hərəkətə başlayıb.
Rəsmilər bu addımla gəminin İsrail və Livana daha da yaxınlaşacağını qeyd edərək, gəminin vəzifələrindən birinin də mülki şəxslərin təxliyyəsinə köməklik etmək olduğunu bildirib. ABŞ oktyabrın 18-də Livandakı vətəndaşlarını ölkəni tərk etməyə çağırıb.
Gununsesi.info