
ABŞ administrasiyası İsrailin Qəzzada Beynəlxalq Ədalət Məhkəməsinə (BƏM) “soyqırım” ittihamı ilə iddia qaldırdığı hərəkət və hücumlarını “soyqırım” hesab etmədiyini bəyan edib.
Gununsesi.info xəbər verir ki, ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller nazirlikdə keçirdiyi mətbuat konfransında ABŞ-ın İsrailə qarşı qaldırılan iddia ilə bağlı mövqeyini dəyərləndirib.
Bir jurnalist, ABŞ rəhbərliyinin bundan sonra nə edəcəyini soruşduqda, Türkiyənin də Cənubi Afrika Respublikasının İsrailə qarşı BƏM-də qaldırdığı iddiaya dəstək verdiyini xatırladan Miller, prosesə qarışmayacaqlarını bildirib.
Miller “soyqırım” ittihamının bəşəriyyətə qarşı çox ağır cinayət olduğunu və bu sözün yüngül istifadə edilməməsi lazım olduğunu bildirib. “ABŞ-la bağlı deyə bilərəm ki, biz soyqırım kimi müəyyən edilə biləcək hərəkətləri görmürük”, – deyə o bildirib.
Miller əlavə edib ki, onlar Qəzzadakı humanitar böhranla bağlı narahatlıqlarını ifadə ediblər, fələstinlilərin köçürülməsinə açıq şəkildə qarşı çıxıblar və bu məsələləri prioritet hesab ediblər.
Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar koordinatoru Con Kirbi Ağ Evdəki gündəlik mətbuat brifinqində məsələ ilə bağlı verdiyi qiymətləndirmədə, Cənubi Afrikanın BƏM-ə müraciətinin “əsassız və faktlara əsaslanmadığını” deyib.
Cənubi Afrika Respublikası dekabrın 29-da İsrailin 7 oktyabrdan bu yana Qəzzada törətdiyi hərəkətlərlə BMT-nin Soyqırımın qarşısının alınması və cəzalandırılmasına dair 1948-ci il Konvensiyasını pozması səbəbi ilə Beynəlxalq Ədalət Məhkəməsinə iddia qaldırıb. İddiada İsrail üçün müvəqqəti qadağanın verilməsini tələb edilib.
İsrail rəhbərliyi onu Qəzza zolağında fələstinlilərə qarşı soyqırım törətməkdə günahlandıran Cənubi Afrikaya reaksiya verib, lakin bu işi boykot etməyəcəyini açıqlayıb.
BƏM-in məhkəmə prosesinə əsasən, iddiaçı və cavabdeh ölkələr 15 hakimdən ibarət kollegiyaya hər biri bir hakim əlavə edə bilərlər. Bundan əlavə, müttəhim İsrail məhkəmədə 4 vəkillə təmsil oluna bilər və dəstək verən ölkələrin nümayəndələrinin yazdığı məktubları məhkəməyə təqdim edə bilər.
BƏM İsraildən Qəzzaya hücumlarını dayandırmağı tələb edən qərar verə bilər.
Gununsesi.info