ABŞ kəşfiyyatı: Rusiya kosmosa nüvə silahı göndərəcək – Kremldən AÇIQLAMA

  • By admin
  • 15 Fevral 2024 14:02

ABŞ Rusiyanın kosmosa peyk əleyhinə nüvə silahı yerləşdirəcəyini iddia edib.

Gununsesi.info xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədri Mayk Törner Bayden administrasiyasını Rusiyanın kosmosa nüvə silahı yerləşdirmə planlarını da ehtiva etdiyi bildirilən və onu “ciddi milli təhlükəsizliyə təhdid” adlandırdığı məlumatların məxfiliyini ləğv etməyə çağırıb.

Ohayo ştatından olan Respublikaçı Törner açıqlamasında güman edilən təhlükəsizlik təhdidi ilə bağlı heç bir təfərrüat verməyib.

Bu bəyanatdan qısa müddət sonra “ABC News” və “New York Times” adı açıqlanmayan mənbələrə əsaslanaraq, Törnerin qeyd etdiyi təhlükəsizlik təhdidinin Rusiyanın kosmosa peyk əleyhinə nüvə silahı yerləşdirmək planı olduğunu bildirib.

“The New York Times” ABŞ-ın müttəfiqlərinin də kəşfiyyat məlumatlarından xəbərdar olduğunu, lakin Rusiyanın iddia edilən qabiliyyətinin hələ inkişaf mərhələsində olduğu üçün dərhal təhlükə yaratmayacağının düşünüldüyünü bildirib.

Məsələdən xəbəri olan iki nəfərin dediyinə görə, Nümayəndələr Palatasının Kəşfiyyat Komitəsinin sədrinin “ciddi milli təhlükəsizliyə təhdid” barədə qeyri-müəyyən xəbərdarlığı Rusiyanın kosmosda istifadə üçün peyk əleyhinə nüvə silahı hazırlamaq cəhdlərinə aiddir.

Onlar kəşfiyyat məlumatları ilə bağlı əlavə təfərrüatlar təqdim etməsələr də, onlardan biri ABŞ-ın bir ildən artıqdır ki, Rusiyanın potensial olaraq nüvə silahı yaratmaq və yerləşdirməsindən narahat olduğunu bildirib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Qərb mediasında Rusiyanın guya kosmosa nüvə silahı yerləşdirməyi planlaşdırdığına dair məlumatları ABŞ-ın “hiyləsi” adlandırıb.

“Bu barədə heç bir şərh verə bilmərəm. Ancaq açıq-aydın görünür ki, Ağ Ev pul ayırmaq üçün Konqresi qanun layihəsinə səs verməyə sövq etməyə çalışır, bu, göz qabağındadır. Biz Ağ Evin hansı hiylələrə əl atacağını görəcəyik”, – Peskov  bildirib.

Gununsesi.info