ABŞ kəşfiyyatı prezident seçkilərində xarici müdaxilə təhlükəsinin real olduğunu bəyan etdi

  • By admin
  • 25 İyul 2020 17:33

ABŞ xüsusi xidmət orqanları bu ilin noyabr ayında keçiriləcək prezident seçkiləri öncəsi xarici düşmən dövlətlər tərəfindən müdaxilə təhlükəsi barədə məlumat yayıb.

Gununsesi.org xarici agentliklərə istinadən xəbər verir ki, bununla bağlı ABŞ Əks kəşfiyyat və təhlükəsizlik üzrə milli mərkəzinin direktoru Uilyan Evanina mətbuat qarşısında çıxış edib.

Onun sözlərinə görə, düşmən niyyətli hakerlər səsvermənin keçirilməsi üçün qurulan bütün platformalara, o cümlədən milli infrastruktur və seçki qərargahlarına hücum çəkiblər. Onlar burada həyata keçirilən bütün fəaliyyəti, xüsusilə elektron yazışmaları ələ keçirməyə çalışıblar.

Qeyd etmək lazımdır ki, Əks kəşfiyyat və təhlükəsizlik mərkəzi ABŞ Milli Kəşfiyyatının direktoru Con Retkliffin aparat strukturuna daxildir. Uilyam Evaninanın bəyanatı “Seçkilərə 100 gün qalmış” başlığı altında mətbuata təqdim olunub.
Sənəddə ABŞ təhlükəsizlik orqanlarının ən çox Rusiya, Çin və İrandan gələ biləcək təhdidlərdən qayğı duyduğu ifadə olunub.

Uilyam Evanina konkret olaraq xarici kəşfiyyatın diqqətini əsasən kiberməkana yönələrək, onların ştatlar və federal səviyyədəki şəbəkələrə çıxış ələ etmək niyyətində olduğunu söyləyib.

“The Washington Post” qəzetinin bu ilin iyun ayında verdiyi məlumata əsasən, bu ilin yayında “Google” şirkəti həm Donald Tramp, həm də Con Baydenin qərargahlarının əməkdaşlarının poçt ünvanarına Çin və İran hakerlərinin hücum təşkil olunduğunu təsbit edib.

Hələ bu ilin fevral ayının 20-də “The New York Times” qəzeti Rusiyanın ciddi şəkildə müdaxiləyə hazırlaşdığı, Kremlin bu məsələdə Donald Trampa kömək göstərəcəyi barədə informasiya yaymışdı.

ABŞ-ın Seçkilərin təhlükəsizliyinin təminatı üzrə kəşfiyyat strukturunun nümayəndəsi Şelbi Pirson da həmin məlumatları təsdiqləyərək, təhlükənin real və ciddi olduğunu açıqlayıb.

Ağ Ev isə bununla bağlı çıxan xəbərləri qəti şəkildə təkzib edir. Prezident administrasiyasının mətbuat katibinin müavini Hoqan Hidli “Fox News” kanalına verdiyi müsahibədə Rusiyanın 2020-ci il seçklərinə qeyri-qanuni şəkildə müdaxiləsi barədə çıxan informasiyaları “zarafat və qəti yalan” adlandırıb.

 

 

 

Gununsesi.org