ABŞ, Kanada, bir çox Avropa ölkələri və Avropa İttifaqı (Aİ) qurumlarının nümayəndələri müsəlmanlara qarşı nifrətlə mübarizədə məsuliyyəti bölüşməklə yanaşı, müsəlmanlara qarşı ayrı-seçkiliyi və nifrəti pislədiklərini bildiriblər.
Gununsesi.info xəbər verir ki, ABŞ, Kanada, Almaniya, Fransa, İtaliya, Hollandiya, Macarıstan, Danimarka, Belçika, Norveç, İsveç, Sloveniyanın əlaqələndiriciləri, nümayəndələri, xüsusi elçiləri və səfirləri, Avropa İttifaqı Şurası (Aİ), Avropa Komissiyası, Avropada Təhlükəsizlik və Əməkdaşlıq (ATƏT) birgə bəyanat yayıb.
Bəyanatda xatırladılır ki, hazırkı geosiyasi kontekstdə dünyada nifrət cinayətləri, nifrət çıxışı və vətəndaş azadlıqlarına və dinc toplaşmaq azadlığına təhdidlər artıb:
“Müsəlman və yəhudi icmaları fiziki və şifahi hücumların hədəfinə çevrilib. Müsəlman və yəhudi icmaları özlərini getdikcə etibarsız hiss edir və internetdə və digər mediada təhdidlərə məruz qalırlar”, – deyə bəyanatda bildirilir.
Heç kimin dininə, etnik mənsubiyyətinə, cinsinə və ya milli mənsubiyyətinə görə irqçiliyə, zorakılığa, susdurulmaya və qisaslara məruz qalmamalı olduğu vurğulanan bəyanatda vurğulanır: “Beynəlxalq təşkilatlar terror hücumlarından sonra müsəlmanlara qarşı ayrı-seçkiliyin və nifrətin epidemiya həddinə çata biləcəyini qəbul ediblər. Biz bu inkişafdan dərin narahatıq və müsəlman vətəndaşlarımızla həmrəy olduğumuzu bildiririk”.
Bəyanatda xatırladılır ki, noyabrın 7-də antisemitizmlə mübarizə üzrə xüsusi nümayəndələr və koordinatorlar bəyanat yayaraq, aşağıdakıları qeyd ediblər:
“Bu bəyanata əsaslanaraq, biz ərəb və fələstinli xristian qruplarının üzvləri, sikxlər və digər irqi və ya dini azlıqlar da daxil olmaqla müsəlmanlara və bu qrupa mənsub olduğu düşünülənlərə qarşı bütün qərəz, ayrı-seçkilik və nifrət formalarını kollektiv şəkildə pisləyirik. Antisemitizm və müsəlmanlara qarşı nifrət eyni dərəcədə pislənməlidir. Biz demokratiya və azadlıqlarımızı birbaşa təhdid edən və cəmiyyətimizdə yeri olmayan hər cür ayrı-seçkilik və irqçiliyi qətiyyətlə pisləyirik. Əgər nəzarət edilməzsə, bu cür hadisələr cəmiyyətlərimizin sosial birliyini təhdid edə bilər və həssas icmaları daha çox risk altında qoya bilər”.
Nümayəndələr birgə bəyanatda müsəlman icmalarının ibadət yerlərində, iş yerlərində, məktəblərdə və evlərdə təhlükəsizliyini təmin etməyə çağırıblar.
“Biz ictimai təhlükəsizlik və hüquq-mühafizə orqanlarını nifrət cinayətlərinə və müsəlmanlara qarşı nifrət motivli zorakılığa qarşı ayıq-sayıq olmağa və müvafiq beynəlxalq və milli qaydalara əməl etməyə çağırırıq”, – bəyanatda deyilir.
Gununsesi.info