ABŞ Konqresinin 25 yaşlı üzvü - Z NƏSLİNDƏN OLAN İLK SİYASƏTÇİ QƏLƏBƏSİNDƏN DANIŞDI

  • By admin
  • 10 Noyabr 2022 13:00

ABŞ-da keçirilən aralıq seçkilərdə ilk dəfə Z nəslindən olan siyasətçi Konqresə daxil olub.

Gununsesi.info ABŞ mediasına istinadən bildirir ki, 25 yaşlı Demokrat Partiyasının üzvü Maksvell Frost Floridanın liberal meylli 10-cu seçki dairəsindən Nümayəndələr Palatasına namizədliyini irəli sürmüşdü.

Seçki nəticəsində qalib olan Frost bunları deyib: “Biz Florida xalqı, Z nəsli və daha yaxşı gələcəyə inanan hər kəs adından tarix yazdıq” .

Maksvell Frost kampaniyasını silah zorakılığı, iqlim dəyişikliyi, abort hüquqları və səhiyyə xidmətinin genişləndirilməsi kimi məsələlərə yönəldib.

Frost bu mövzuda fəallığına 2012-ci ildə Konnektikut ştatının Nyuton şəhərində baş verən atışmadan sonra başlayıb.

Konqresə namizədliyini irəli sürməzdən əvvəl o, silah qanunlarının sərtləşdirilməsini tələb edən “Həyatımız üçün Mart” qrupunun milli direktoru idi.

Avqust ayında New York Times qəzetinin suallarını cavablandıran Maksvell Frost, silaha nəzarətin onun üçün niyə bu qədər əhəmiyyətli bir mövzu olduğunu açıqlayaraq, “Mənim nəslim yanğın təlimindən çox silahlı qırğında edilməsi lazım olanı edərək böyüdü” dedi.

Qeyd edək ki, Z nəslinin ən yaşlı nümayəndələri 1997-ci ildə anadan olan və Konqresə namizəd olmaq hüququ qazanmış şəxslərdir. (25 yaşından kiçik hər kəs Nümayəndələr Palatasına namizəd ola bilməz.)

Maksvell Frost Z nəslinin ilk nümayəndəsi olmaqla yanaşı, Konqresə daxil olan ilk Afrika-Kubalı siyasətçi ünvanına da sahibdir.

Qeyd edək ki, 1990-cı illərin ortaları və 2010-cu illərin əvvəlləri arasında doğulanlar Z nəsli olaraq təyin olunur.

 

Tərcümə:

Gunay Təhməzova

Gununsesi.info