ABŞ Konqresinin Nümayəndələr Palatasının 21 üzvü Azərbaycanı ötən ilin yayında Bakıda həbs edilmiş iqtisadçı alim Qubad İbadoğlunu dərhal azad etməyə çağıran qətnaməni (H.RES. 1012) imzalayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının saytında məlumat yayılıb.
Qətnaməni fevralın 14-də Respublikaçılar Partiyasının üzvü Devid Rouzer təqdim edib.
O, Azərbaycan hökumətinin İbadoğluna münasibətini pisləyib və onun dərhal azadlığa buraxılmasına çağırıb.
Qətnaməyə əsasən, İbadoğlu və həyat yoldaşı 2023-cü il iyulun 23-də saxlanılaraq polis tərəfindən fiziki təzyiqə məruz qalıb. Həbsindən sonra onun səhhəti xeyli pisləşməkdə davam edib və ona lazımi tibbi yardım göstərilmir.
“Doktor İbadoğlu dəfələrlə vəkillə görüşməkdən və ədalətli məhkəmə araşdırmasından məhrum edilib. Dövlət Departamenti və ABŞ-ın Bakıdakı səfirliyi, eləcə də ABŞ-ın akademik qurumları və beynəlxalq ictimaiyyət doktor İbadoğlunun səhhəti ilə bağlı dərin narahatlıqlarını ifadə edib və onun dərhal azadlığa buraxılmasını tələb edib. İbadoğlunun qanunsuz həbsi insan hüquqlarının və akademik azadlığın ciddi şəkildə pozulmasıdır”, qətnamədə bildirilir.
Müəlliflər Azərbaycanda qanunsuz həbs və azadlığın boğulması praktikasını pisləyir, doktor İbadoğlunun dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırır.
Qətnamədə həmçinin Dövlət katibini Azərbaycan hökuməti ilə danışıqlarda doktor İbadoğlunun rifahı və azadlığa buraxılmasını prioritet hesab etməyə çağırır.
Bu deyilənlərə hələlik Azərbaycan hakimiyyəti açıqlama verməyib.
Xatırlatma:
İyulun 24-də Bakının Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barədə həbs-qətimkan tədbiri seçib. Qubad İbadoğlu hazırda Azərbaycan Cinayət Məcəlləsinin 204.3.1 (satış məqsədi ilə hazırlama, o cümlədən saxta pul və ya xarici valyuta əldə etmə və ya satma – eyni əməllər mütəşəkkil dəstə tərəfindən törədildikdə), 167-3.1 (Dini ekstremist materialları, yəni dini ekstremist fəaliyyəti həyata keçirməyə çağıran və ya belə fəaliyyəti əsaslandıran, yaxud belə fəaliyyətin zəruriliyinə bəraət qazandıran materialları hazırlama, saxlama və ya yayma) maddələri ilə ittiham olunur. İki ittiham üzrə onu 17 ilədək həbs gözləyir.
Azərbaycan Daxili İşlər Nazirliyi Qubad İbadoğlunun Türkiyədə 2016-cı ildə çevriliş cəhdində ittiham olunan, hazırda Amerikada yaşayan Fətullah Gülənin tərəfdarları ilə əlaqədar keçirilən əməliyyat tədbirləri çərçivəsində saxlanıldığını bildirib.
Qubad İbadoğlu ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu qeyd edir. Bir sıra ölkələr və beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, ABŞ senatorları və konqresmenləri İbadoğlunun həbsdən azad edilməsi üçün çağırışlar edib.
Gununsesi.info