ABŞ Konqresmeni: ”Ermənistan Azərbaycan torpaqlarını işğal edib”

  • By admin
  • 01 İyun 2016 11:21

 Stiv Kohen

ABŞ Konqresindəki Azərbaycan üzrə işçi qrupun həmsədri, Tennesi ştatından seçilmiş konqresmen Stiv Kohen Azərbaycanın milli bayramı – Respublika Günü münasibəti ilə bəyanatla çıxış edib.

Gununsesi.info xəbər verir ki, Konqresmen Kohen Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edərək, 1918-ci ildə Azərbaycanın müsəlman dünyasında ilk dünyəvi parlamentar respublika qurduğunu, onun Prezident Vudro Vilson Administrasiyası tərəfindən tanındığını və bu respublikanın qadınlara səsvermə hüququ verən ilk müsəlman dövləti kimi tarixə düşdüyünü vurğulayıb.

Bəyanatında Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etdiyini deyən konqresmen ölkənin bu ərəfədə ciddi çağırışlarla qarşılaşdığını və Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edildiyini, habelə BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının bu torpaqlardan çıxması tələbinə baxmayaraq, Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayonun hələ də erməni işğalında olduğunu bildirib.

Daha sonra bəyanatda Azərbaycanın təhlükəsizlik, o cümlədən terrorçuluqla mübarizə, nüvə materiallarının yayılmaması, beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakı və enerji təhlükəsizliyi kimi sahələrdə ABŞ-ın vacib tərəfdaşı olduğu diqqətə çatdırılıb. Bu kontekstdə, Azərbaycanın Əfqanıstanla bağlı töhfələri yüksək qiymətləndirilib. Bununla yanaşı, ölkəmizin Xəzər dənizinin karbohidrogen resurslarının dünya bazarlarına çıxarılmasında oynadığı mühüm rol və Cənubi Qaz Dəhlizi layihəsinin gələcəkdə ABŞ müttəfiqlərinin enerji təhlükəsizliyinə mühüm töhfəsi ilə bağlı məsələlərə xüsusi diqqət çəkib.

Sonda konqresmen Azərbaycanın müsəlman ölkəsi olmasına baxmayaraq İsraillə sıx əlaqələrə malik olduğunu və ölkəmizin İsrailin neft tələbatının 40 faizə yaxın bir hissəsini qarşıladığını vurğulayaraq, ümumilikdə Azərbaycan cəmiyyətinin olduqca tolerant ənənələrə malik olduğu və burada xristian və yəhudilərin sülh və əmin-amanlıq şəraitində yaşadığını qeyd edib.

Azərtac