ABŞ Kubanın Səhiyyə nazirinə viza verməkdən imtina etdi

ABŞ Prezidentinin Administrasiyası Vaşinqtonda Panamerika Sağlamlıq Təşkilatının iclasında iştirak etməli olan Kubanın Səhiyyə naziri Xose Angel Portal Mirandaya giriş vizası verməkdən imtina edib. Gununsesi.org-un xəbərinə görə, bu barədə Kubanın Amerikadakı səfirliyi məlumat yayıb.

“ABŞ hökuməti beynəlxalq bir təşkilata ev sahibliyi edən ölkə kimi bir daha öz öhdəliklərini özbaşına və əsassız olaraq pozdu”, -deyə məlumatda bildirilib.

 Qeyd olunub ki, sentyabrın əvvəlində Vaşinqton Kuba nümayəndə heyətinin BMT-dəki iki üzvünün ABŞ-ın milli təhlükəsizliyinə xələl gətirəcək əməliyyatlar aparmaq cəhdinə görə Birləşmiş Ştatlardan qovulmasını əmr edib.

Xatırladaq ki, daha öncə ABŞ hökuməti Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin sədri Konstantin Kosaçov da daxil olmaqla 10 üzvünə BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən iclasında iştirak etmələri üçün viza verməyib.

Gununsesi.org