ABŞ-la Çin arasında “Tayvan böhranı”: Keçmiş yüksək vəzifəli dövlət məmurları adaya səfər edib

  • By admin
  • 15 Yanvar 2024 09:23

Çinlə suverenlik mübahisəsi olan Tayvanda yanvarın 13-də keçirilən prezident və parlament seçkilərindən sonra ABŞ-ın keçmiş yüksək vəzifəli dövlət məmurlarından ibarət nümayəndə heyəti adaya səfər edib.

Gununsesi.info xəbər verir ki, ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Stiven Hadli, ABŞ dövlət katibinin keçmiş müavini Ceyms Steynberq və ABŞ-ın adadakı faktiki nümayəndəsi olan Tayvan Amerika İnstitutunun prezidenti Laura Rozenberqer axşam saatlarında Tayvana gəliblər.

Tayvan Xarici İşlər Nazirliyindən verilən açıqlamada üç günlük səfər çərçivəsində nümayəndə heyətinin Tayvan lideri Tsai İnq-ven, eləcə də digər yüksək səviyyəli dövlət rəsmiləri və siyasi liderlərlə görüşlər keçirəcəyi bildirilib.

Tayvan Amerika İnstitutundan verilən açıqlamada qeyd olunub ki, iki keçmiş yüksək vəzifəli məmur “ABŞ hökumətinin tələbi ilə öz şəxsi imkanları ilə Tayvana səfər ediblər”.

ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Stiven Hedli 2005-2009-cu illərdə ABŞ-ın keçmiş prezidenti Corc Buşun milli təhlükəsizlik üzrə müşaviri vəzifəsində çalışıb.

Steynberq 2009-2011-ci illərdə ABŞ-ın keçmiş prezidenti Barak Obamanın administrasiyası dövründə dövlət katibinin müavini vəzifəsində çalışıb.

Çin Tayvanda keçirilən prezident və parlament seçkilərindən sonra ABŞ dövlət katibi Antoni Blinkenin təbrik mesajına reaksiya verib.

Çin Xarici İşlər Nazirliyindən verilən yazılı açıqlamada, ABŞ Dövlət Departamentinin bəyanatının “vahid Çin” prinsipini pozduğu və Vaşinqtonun “Tayvanlılarla yalnız mədəni, ticarət və qeyri-rəsmi əlaqələr qurmaq” öhdəliyinə zidd olduğu bildirilib.

“Tayvanın müstəqilliyini müdafiə edən separatçılara yanlış mesaj verildiyini” iddia edən nazirlik ABŞ-ı qınayıb və diplomatik kanallarla da etirazını bildirib.

Bəyanatda Tayvan məsələsinin Çinin maraqlarının mərkəzində olduğu və Çin-ABŞ münasibətlərində “keçilməməsi lazım olan ilk qırmızı xətt” olduğu bildirilib:

“Bir Çin prinsipi beynəlxalq münasibətlərin fundamental norması, beynəlxalq ictimaiyyətin hökm sürən konsensusudur və Çin-ABŞ münasibətlərinin siyasi əsasıdır. Çin ABŞ-ın hər hansı şəkildə və ya hər hansı səbəbdən Tayvanla rəsmi əlaqələr qurmasının əleyhinədir və Biz Çini Tayvanla rəsmi əlaqələr qurmağa və “Tayvanın müstəqilliyini” müdafiə edən separatçı qüvvələrə yanlış mesaj göndərməyi dayandırmağa çağırırıq”.

Vaşinqton administrasiyası 2020-ci ildə Tayvan lideri Tsayın ilk dəfə seçildiyi prezident seçkilərindən sonra adaya oxşar “qeyri-rəsmi” nümayəndə heyəti göndərmişdi.

Nümayəndə heyətinin səfərinin ABŞ rəsmilərinin Tayvanla rəsmi təmasda olmasına etiraz edən Çinin reaksiyasına səbəb olacağı gözlənilir.

Çin Xarici İşlər Nazirliyi dövlət katibi Antoni Blinkenin Tayvanda keçirilən seçkilərdən sonra dərc etdiyi təbrik mesajına görə Vaşinqton administrasiyasına etiraz edib.

Çinin ərazisinin bir hissəsi olduğunu iddia etdiyi Tayvan 1949-cu ildən de-fakto müstəqilliyə malikdir. Vətəndaş müharibəsindən sonra materik Çin və Tayvan arasında yaranan ayrılma və suverenlik mübahisəsi hələ də davam edir.

“Vahid Çin” prinsipini vurğulayan Pekin administrasiyası Tayvanın dünya ölkələri ilə müstəqil diplomatik əlaqələr qurmasına, Birləşmiş Millətlər Təşkilatında (BMT) və digər beynəlxalq təşkilatlarda təmsilçiliyinə qarşı çıxır və onu tanıyan ölkələrdən Tayvanla diplomatik əlaqələri kəsməyi tələb edir.

Gununsesi.info