ABŞ-la Çinin ticarət dövriyyəsi son aylar ərzində ilk dəfə artıb

  • By admin
  • 08 Noyabr 2020 10:46

Bu ilin yanvar-oktyabr ayları ərazində ABŞ-la Çin arasında aparılan ticarət dövriyyəsinin həcmi 457,75 mlrd. dollar təşkil edib ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 1,9% çoxdur.

Gununsesi.info-nun xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Çin Xalq Respublikasının Baş Gömrük İdarəsinin açıqlamasında deyilir.

Qeyd edək ki, ticarət müharibəsi və siyasi fikir ayrılıqları fonunda iki ölkə arasındakı ticarət dövriyyəsi son aylarda davamlı olaraq azalma nümayiş etdirib.

Çin gömrüyünün məlumatına görə, yanvar-oktyabrda Çindən ABŞ-a ixrac 1,6% artaraq 353,84 mlrd. dollar təşkil edib, ABŞ-ın Çinə ixracı isə 3,3% artaraq 103,9 mlrd. dollara bərabər olub.

Təkcə oktyabr ayında iki ölkə arasında aparılan ticarətin həcmi 56,28 mlrd. dollara çatıb. Ötən ay Çinin ABŞ-a ixracı 43,83 mlrd. dollar, idxalı isə 12,45 mlrd. dollar olub.

Xatırladaq ki, 2019-cu ilin sonunda iki ölkə arasında gedən ticarət müharibəsi fonunda ABŞ-la Çinin ticarət dövriyyəsi 541,22 mlrd. dollar təşkil edib, bu da 2018-ci ilə nisbətən 14,6% azdır.

 

 

Gununsesi.info