ABŞ-la İngiltərə arasında “Çay necə dəmlənir” mübahisəsi

  • By admin
  • 25 Yanvar 2024 15:25

Britaniyanın Vaşinqtondakı və Londondakı ABŞ səfirlikləri kimya professorunun “çayın acılığını aradan qaldırmaq üçün duz əlavə edin” tövsiyəsindən sonra sosial mediada çayın necə dəmlənməsini müzakirə ediblər.

Gununsesi.info xəbər verir ki, amerikalı kimya professoru Mişel Frankl İngiltərə qəzetinə verdiyi müsahibədə ideal çayla bağlı dəyərləndirmə apardıqdan sonra iki ölkənin rəsmi qurumlarından yumoristik açıqlamalar verilib.

Professorun açıqlamasından sonra ABŞ-ın London səfirliyi rəsmi X sosial media hesabından paylaşım edib. “Mətbuatda ABŞ professorunun “mükəmməl” çay resepti ilə bağlı xəbərlər Böyük Britaniya ilə xüsusi münasibətlərimizə qaynar su tökdü”, – deyə qeyd edilib.

Açıqlamada çayın iki ölkəni birləşdirən dostluq iksiri olduğu bildirilib.

“Biz səssiz qala bilmərik, çünki belə ağlasığmaz təklif münasibətlərimizi təhlükə altına alır. Buna görə də biz Britaniya xalqının əmin olmasını istəyirik ki, Britaniyanın milli içkisinə duz əlavə etmək qeyri-mümkün ideya ABŞ-ın rəsmi siyasəti deyil və heç vaxt olmayacaq. ABŞ səfirliyi çayı düzgün formada mikrodalğalı sobada bişirməyə davam edəcək”, – məlumatda deyilir.

ABŞ-ın yumoristik paylaşımına həm Britaniya hökumətindən, həm də Britaniyanın Vaşinqtondakı səfirliyindən cavab gəlib.

Böyük Britaniyanın Vaşinqtondakı səfirliyinin X hesabından ABŞ-a cavab verən səfir Karen Pirs deyib: “İngiltərə-Amerika münasibətləri çayla müəyyən edilir və biz əsl çayın necə hazırlanacağını göstərmək üçün çoxlu müraciətlər almışıq”.

Paylaşımda Pirsin “Budur onların hərbi məsləhətçiləri” dediyi hissədə İngiltərə quru, hava və dəniz qüvvələrinin əsgərləri çayı necə hazırladıqlarını göstəriblər. Əsgərlər çay hazırlamaq üçün heç vaxt mikrodalğalı sobalardan istifadə edilməməsi lazım olduğunu göstəriblər.

Gununsesi.info