ABŞ-ın Rusiyaya qarşı sərt sanksiyalar tətbiq etməsi iki ölkə arasındakı münasibətləri kəskinləşdirməklə yanaşı, dünyada, o cümlədən Cənubi Qafqaz bölgəsində yeni geosiyasi proseslərə strat vermiş oldu. ABŞ-Rusiya arasındakı münasibətlər təkcə dünyanın digər bölgələrində deyil, eyni zamanda Cənubi Qafqaz bölgəsində də açıq-aydın büruzə verməkdədir. Yaranmış durumu politoloq Qabil Hüseynli ilə dəyərləndirməyə çalışdıq.
Gununsesi.info-ya açıqlama verən politoloq Qabil Hüseynli bildirib ki, Rusiya dünyada sülhün və sabitliyin qorunub saxlanmasında ən böyük əngələ çevrilib.
“Rusiya sanksiyaların aradan qaldırılması istiqamətində Qərblə konstruktiv dialoq aparmaq əvəzinə qarşıdurmanın daha da kəskinləşdirilməsinə çalışır. Təsəvvür edin, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində ATƏT MQ-nin həmsədr ölkələrindən biri olaraq, münaqişənin həllində obyektiv və bitərəf mövqe tutumaq əvəzinə Ermənistanla birgə hərbi birliklər yaradaraq, birgə təlimlər keçirməyə başlayıb. Rusiyanın bu hərəkəti bir daha göstərir ki, Rusiya Qarabağ münaqişəsinin yaranmasında oynadığı müstəsna rolu indi də davam etdirərək münaqişənin həllinə hər vəchlə mane olmağa çalışır”- deyə, Q.Hüseynli vurğulayıb.
O əlavə edib ki, baxmayaraq Azərbaycan Rusiya ilə bərabərhüquqlu münasibətlərin qurulmasında maraqlıdır,ancaq qarşı tərəf Azərbaycana qarşı münasibətdə hələ də səmimi deyil. “Rusiya bu hərəkəti ilə əslində Azərbaycanı başqa seçim etmək zorunda buraxır. Ancaq hesab edirəm ki, Azərbaycan seçimində tələskənliyə yol verməməli və Rusiya ilə hər hansı qarşıdurmaya getməməli və ya təxribatlara yol verməməlidir. Azərbaycan NATO-ya inteqrasiyasında ABŞ-Rusiya münasibətlərindəki inkişaf dinamikasını və nəticəni gözləməlidir. Rusiya ilə ABŞ arasındakı qarşıdurmada iştirakdan bacardıqca kənarda durmalıdır. Əks təqdirdə arzuolunmaz hallarla qarşılaşa bilərik. Ona görə ki, Ermənistan çoxdandır ki, Rusiyanı və KTMT-ni Qarabağ münaqişəsinə cəlb etməyə çalışır. Biz bu cür təxribatlara rəvac verməməliyik”- deyə, Q.Hüseynli bildirib.
Bununla belə beynəlxalq siyasi konyukturanın Azərbaycanın xeyrinə olduğunu dilə gətirən Q.Hüseynli deyib ki, bu gün Rusiyanın təklənməsi, geriyə otuzdurulması və zəiflədilməsi prosesi gedir: “Artıq proses dönməz xarakter almaq vəziyyətindədir. Biz də səbrlə prosesi izləyib, öz çıxarlarımız istiqamətində addımlar atmaq barədə düşünməliyik. Düzdür, bir daha bəyan edirəm ki, biz Rusiya üçün pis bir şey arzulamırıq, ancaq Moskvanın Azərbaycan və Gürcüstanla bağlı siyasətindəki neqativ yanaşmanın dəyişməsini, mehriban qonşuluq şəraitində yaşamaq istəyirik. Ona görə də Rusiya bölgədəki destruktiv xarici siyasətindən əl çəkməlidir”.
Q.Hüseynli əlavə edib ki, bu gün Azərbaycan geosiyasi və geoiqtisadi baxımdan Qərb üçün əvəzedilməz bir tərəfdaş ölkədir. “Bu proses gerdikcə dərinləşməkdədir. Güman edirəm ki, Qərblə olan iqtisadi əlaqələr siyasi əlaqələrin inkişafına da öz töhfəsini verəcək və biz gələcək mərhələdə bunun şahidi olacağıq”- deyə, o, bildirib.
Politoloq onu da bildirib ki, ABŞ-Rusiya və ABŞ-İran münasibətlərinin kəskinləşməsində, həmçinin bu ölkələrə tətbiq edilən sanksiyalardan ən çox əziyyət çəkən ölkə Ermənistan olacaq: “Bunu artıq İrəvanda hamı başa düşür. Hətta bizim sevmədiyimiz Serj Sərkisyan belə, anlayır ki, dünyada baş verən proseslərin, xüsusən də Qərb-Rusiya qarşıdurmasından əziyyət çəkən ölkə Ermənistan olacaq. O, bunun fərqindədir. Ona görə də son dövrlərdə vəziyyətdən çıxmaq üçün müəyyən manevr cəhdlərində bulunsa da, sonda bunların nəticəsiz qalacağı göz önündədir. Ermənistan bu sanksiyalardan əziyyət çəkən bir nömrəli ölkə olacaq. Çünki Ermənistan Rusiyanın tam təsiri altında olan bir forpost ölkədir”.
O deyib ki, Azərbaycan da öz növbəsində, Ermənistanın daha çıxılmaz vəziyyətə düşməsi üçün əlindən gələni etməli, onu münasibətlərdə qeyri-səmimi və riyakar mövqedə olan ölkə kimi qələmə verməyə çalışmalıdır.
Yaranmış duruma uyğun olaraq Azərbaycanın hansı addımlar atmasına gəldikdə isə politoloq deyib ki, beynəlxalq siyasi konyuktura bizim xeyrimizə olduğundan ümumi vəziyyəti, xüsusən də Qarabağ münaqişəsi ilə bağlı vəziyyəti xeyrimizə dəyişə bilərik. “Bunun üçün xarici siyasətimizi aktivləşdirməli və dəyişən proseslərə uyğun formada çevik siyasətimizi qurmalıyıq. Qarabağ həqiqətlərinin detallar beynəlxalq aləmə çatdırılmalıdır. Bununla yanaşı, münaqişənin istənilən varianta həlli üçün siyasi ideoloji işlər aparılmalıdır. Bu istiqamətdə bütün resurslardan istifadə olunmalıdır”- deyə, politoloq vurğulayıb.
Yaranmış durumda bölgədə İranın aktivləşməsinə gəldikdə isə politoloq deyib ki, Tehran yaranmış fürsətdən istifadə edib strateji boşluqları doldurmağa çalışır: “Ancaq Qərbin İranın bölgədə “at oynatmasına” imkan verəcəyinə inanmıram. Qərb İranın bölgədəki aktivliyinin qarşısını alacaq və onu geri oturtmağa çalışacaq. Biz bunun uzaq olmayan bir tarixdə şahidi olacağıq”.
Mürtəza
Gununsesi.info