ABŞ-la yaxınlığa görə “vurulan” nazirlər

  • By admin
  • 16 Fevral 2017 09:02

abs-azerbaycan

Nəqliyyat naziri Ziya Məmmədovun vəzifəsindən azad olunması bir çox məsələləri gündəmə gətirib. İndiyə qədər nazir postunu itirən şəxslərin vəzifə talelərində “ABŞ-la yaxınlıq” axtarılmağa başlanıb.
Belə ki, indiyə qədər bu və ya digər şəkildə nazir vəzifəsini itirən bəzi sabiqlərin ABŞ-la əlaqələri olduğuna görə postları ilə vidalaşmaq məcburiyyətində qaldıqları barədə iddialar səslənir. Belə fikirlərdə bir çox sabiq nazirlərin adı hallansa da, ən çox adları gündəm olan 2005-ci ilin oktyabrında vəzifələrindən uzaqlaşdırılan iqtisadi inkişaf naziri Fərhad Əliyev (2013-cü ildə azadlığa çıxıb) və Z.Məmmədovdur. Hər iki sabiqin postlarını itirməsində ABŞ faktorunun olduğu qeyd olunur. Məhz 12 il öncə F.Əliyevin ABŞ-ın dəstəyi ilə hakimiyyətə gəlmək iddiasına düşdüyü deyilir.

Image result for Ziya Məmmədov Tramp

ABŞ-ın yeni prezidenti Donald Trampın Məmmədovlar ailəsi ilə yaxın olması, hətta onun prezident seçildiyi gün Məmmədovlar ailəsinin Bakıda böyük qonaqlıq təşkil etdikləri iddia olunur.

Related image
Politoloq Qabil Hüseynli Amerika faktorunun adlarını çəkdiyimiz şəxslərin vəzifələrini itirmələrinə səbəb olduğunu zənn etmir: “Ölkə uzun müddətdir islahatlar abı-havasına köklənib. Struktur islahatlarının həyata keçirilməsi gündəmə gətirilib. Bunların bəziləri də həyata keçməkdədir. Nəqliyyat Nazirliyinin digər nazirliyə birləşdirilməsini bu islahatların tərkib hissəsi kimi qəbul edirəm. Çünki bu nazirlik hansı funksiyanı yerinə yetirirdi? Faktiki olaraq passiv bir qurum idi. Bu baxımdan, Nəqliyyat Nazirliyinin ləğvinin gecikmiş bir addım olduğunu düşünürəm. Ən azı iki ilə yaxındır ki, nəqliyyat nazirinin funksiyaları ya əlindən alınıb, ya da həmin funksiyalar başqa idarəetmə orqanlarının səlahiyyətinə keçib. Faktiki bu nazirliyin yollarda sürücüləri tutmaq, cərimələmək və taksilərə lisenziya verməkdən başqa səlahiyyəti yox idi. Hesab edirəm ki, Nəqliyyat Nazirliyinin ləğvi struktur islahatlarında özünü doğruldan hadisələrdən biri olacaq. Bunu Amerika və hələ özünə gəlməyən Trampla əlaqələndirmək sadəlövhlük olardı. Doğrudur, indiyə qədər bir çox nazirlər vəzifələrindən uzaqlaşdırılıblar. Burada kənar təsirləri axtarmaq doğru deyil. Ölkə rəhbərinin iradəsi sayəsində bunlar həyata keçirilib. Öz vəzifələrinin öhdəsindən gələ bilməyənlər postları ilə vidalaşırlar. 2005-ci ildə baş verən hadisələr çox mürəkkəb olaylar idi. Fərhad Əliyevin vəzifəsindən kənarlaşdırılmasına, onun qardaşının bu aqibəti yaşamasına ölkədəki mürəkkəb vəziyyətin səbəb olduğunu söyləmək mümkündür. Çünki həmin dövrdə Rəsul Quliyevin də ölkəyə gələcəyi barədə xəbərlər yayılmışdı. Müxalifət də bir-birinin ardınca mitinqlər təyin edirdi. Ölkədaxili abı-hava gərgin idi.

Image result for Fərhad Əliyev

O zaman Fərhad Əliyev ölkədə reformator imicində ad çıxarmağa çalışırdı. Bu barədə yazılar gedirdi. Onun ”hamı yerli mal alsın, xeyri vətənə qalsın” şüarları mətbuat səhifələrində tez-tez səsləndirilirdi. Müxalifət mətbuatındakı yozmalarla bu qənaətə gəlmək olurdu ki, Qərb dairələri, xüsusilə Amerikada Fərhad Əliyevi gələcəkdə ölkədə islahatlar keçirəcək səlahiyyətli şəxs qismində görürlər və bu səbəbdən də onu müdafiə edirlər.

Amma baş verənlər göstərdi ki, Amerikanın onu müdafiə etməsi ilə bağlı fikirlər tamamilə uydurma imiş. O bir neçə il vəzifədə çalışsa da, hər hansı bir islahat keçirməsi barədə fikirlər kimsənin dilindən səslənmirdi. Əksinə, o, vəzifəsindən kənarlaşdırıldıqdan sonra məlum oldu ki, nazirlikdə ciddi korrupsiya halları var imiş. Araşdırılarkən xeyli yeyinti faktları üzə çıxdı. İndi də xalqın qanını soran, rüşvətxorluqla məşğul olan məmurlar az deyil. Onlar barəsində tədbir görülməsinə ciddi ehtiyac var. Bir şeyi unutmaq olmaz ki, nazirlər yalnız vəzifə səlahiyyətlərini aşmağa, vəzifəsindən sui-istifadə etməyə, onlara göstərilmiş etimadı doğrultmadıqlarına görə vəzifədən kənarlaşdırılıblar”.