ABŞ Rusiyanın xarici işlər naziri Sergey Lavrov başda olmaqla Rusiya nümayəndə heyəti üzvlərinin BMT Təhlükəsizlik Şurasının iclasında iştirakı üçün viza verməyib.
Gununsesi.info-nun xəbəriə görə, bu barədə məlumatı Rusiyanın ABŞ-dakı səfirliyinin teleqram kanalı yayıb.
Rusiya aprelin 1-dən Təhlükəsizlik Şurasının rotasiyalı sədridir. TŞ aprelin 24-də və 25-də iclas keçirməlidir.
Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib ki, Rusiya nümayəndə heyəti üzvlərinə viza verilməsi üçün sorğu ABŞ-ın Moskvadakı səfirliyinə martın axırlarında göndərilib.
Səfirin sözlərinə görə buna baxmayaraq hələ bir viza da verilməyib.
Səfir qeyd edib ki, Təhlükəsizlik Şurasının iclasına bir neçə gün qalmasına baxmayaraq bu məsələyə aydınlıq gətirilməyib.
Səfir bunu da deyib ki, Lavrovu və nümayəndə heyətini ABŞ-a aparmalı təyyarənin də hələlik icazə sənədləri yoxdur.
Antovov ABŞ-ı sözü gedən təyyarənin Birləşmiş Ştatların hava məkanına daxil olması üçün icazənin mümkün qədər tez verilməsinə çağırıb:
“ABŞ hakimiyyət orqanları təyyarənin gəlişini hələ də razılaşdırmayıblar. Amerikalıların bu təyyarənin uçuşuna qeyd-şərtsiz və məhdudiyyətsiz operativ icazə vermələrini gözləyirik”.
Bu arada Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen deyib ki, Rusiyaya aid və ya Rusiyada qeydiyyatdan keçmiş və onun nəzarətində olan təyyarələrin Avropa İttifaqı ərazisi üzərindən uçuşu və Avropa hava limanlarında enişi qadağan edilib.
Analoji qərar ABŞ tərəfindən də qəbul olunub.
2022-ci ilin iyununda Bolqarıstan, Şimali Makedoniya və Monteneqro Lavrovun içində olduğu təyyarənin bu ölkələr üzərindən uçuşunu qadağan etmişdilər. Rusiya xarici işlər naziri Serbiya paytaxtı Belqrada gəlməli idi.
BMT Təhlükəsizlik Şurasının sədrliyi üzv ölkələr arasında rotasiya qaydası və əlifba sırası üzrə ayda bir dəfə həyata keçirilir və quruma kimin sədrlik etməsi burda müzakirə olunan məsələlər və qəbul olunan qərarlara təsir göstərmir.
Afət Abbasova