Türkiyədə keçirilən bələdiyyə seçkilərin hakim AKP-nin məğlubiyyətə düçar olması ABŞ və Avropa mediasında da böyük rezonansa səbəb olub.
Gununsesi.info-nun xəbərinə görə, ABŞ və Avropanın nüfuzlu media quruluşları Türkiyədə keçirilən seçkilərin fonunda Əkrəm İmamoğlunun qələbəsinin üzərində xüsusi dayanıb.
“Reuters” yazır ki, Türkiyənin müxalifəti bazar günü ölkənin bir sıra böyük şəhərlərində keçirilən yerli seçkilərdə heyrətamiz qələbə qazanaraq, prezident Rəcəb Tayyib Ərdoğanın hakim partiyasına ağır zərbə vurdu və ona son iyirmi ildən artıqdır ki, ən böyük məğlubiyyətini verdi.
İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlu, sol mərkəzçi Cümhuriyyət Xalq Partiyasının və ya CHP-nin İstanbulun meqapolisində 1 milyondan çox səslə qalib gəldiyini üzə çıxaran səslərin hesablanmasından sonra minlərlə tərəfdarına “Millətin mesajını anlamayanlar nəticədə itirəcəklər. Bu gecə 16 milyon İstanbul vətəndaşı həm rəqiblərimizə, həm də prezidentə mesaj göndərdi” dedi.
ABŞ-ın CNBC kanalı da reportajında deyir ki, Türkiyənin İstanbul, İzmir və paytaxt Ankara kimi böyük şəhərlərində keçirilən bələdiyyə seçkilərində müxalifət qalibiyyəti ölkəni yeni istiqamətə apara bilər: “Ərdoğanın özü 1990-cı illərdə İstanbul bələdiyyə başqanı kimi tanınıb və daha sonra prezidentliyə namizəd olub. İndi analitiklər İmamoğlunun İstanbuldakı qələbəsinin onu 2028-ci ildə Türkiyə prezidentliyinə əsas namizəd edə biləcəyini düşünürlər”.
Afət Abbasova
Gununsesi.info